Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla dostluq münasibətlərinə toxunaraq, özünün BƏƏ-yə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini məmnunluqla xatırladıb. Dövlət başçısı bu səfərlər zamanı aparılan müzakirələrin ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib.
Səid bin Mübarək Əl-Haciri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti salamlara görə təşəkkür edib və onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə BƏƏ-nin dövlət naziri Prezident İlham Əliyevi Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində səylərinə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib. Prezident İlham Əliyev isə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini xatırladaraq, bu mükafata görə BƏƏ Prezidentinə minnətdarlığını bir daha çatdırmağı xahiş edib.
Danışıqlar zamanı Azərbaycan və BƏƏ arasında siyasi, iqtisadi, ticari, enerji, bərpaolunan enerji, birgə investisiya fondu, birgə hərbi təlimlər və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər ikitərəfli gündəliyin zəngin olduğunu qeyd ediblər.
Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə də toxunulub. Görüşdə regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulanıb.




