Malidə rusiyalı hərbçilərin olduğu helikopterin vurulduğu bildirilir

Malinin Qao bölgəsində Rusiya ilə əlaqəli hərbi helikopterin vurulduğu bildirilir. Hadisə JNIM və FLA-nın Mali üzrə koordinasiyalı hücumları fonunda baş verib.

13

Malinin şimalındakı Qao bölgəsində Rusiya ilə əlaqəli hərbi helikopterin vurulduğu barədə məlumat yayılıb. Hadisənin aprelin 25-də ölkə boyunca həyata keçirilən koordinasiyalı hücumlar zamanı baş verdiyi bildirilir. İlkin məlumatlara görə, helikopterin göyərtəsində olan ekipaj və mobil atəş qrupu həlak olub, lakin bu məlumat Mali və Rusiya rəsmiləri tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib. 

Ukraynanın “Militarnyi” nəşri Rusiya hərbi aviasiyasına yaxın “Fighterbomber” kanalına istinadən yazır ki, helikopter “xarici atəş təsiri” nəticəsində itirilib. Kanal hadisənin dəqiq səbəbini açıqlamasa da, açıq mənbələrdə bunun zenit-raket kompleksi və ya digər hava hücumundan müdafiə vasitəsi ilə bağlı ola biləcəyi ehtimal edilir.

Hadisə Malidə eyni gündə baş verən genişmiqyaslı hücumların fonunda qeydə alınıb. “Reuters”-in məlumatına görə, “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” — JNIM Tuareq əsaslı “Azavadın Azadlığı Cəbhəsi” — FLA ilə birlikdə Mali üzrə koordinasiyalı hücumlara görə məsuliyyəti üzərinə götürüb. Hücumlar Bamako yaxınlığındakı Kati bazası, hava limanı ətrafı, Qao, Kidal, Mopti və Sevare kimi strateji məntəqələri əhatə edib.

Məlumata görə, FLA bu hücumlarda JNIM-lə koordinasiyalı hərəkət etdiyini təsdiqləyib və Kidalın, həmçinin Qaonun bəzi hissələrinin nəzarətə götürüldüyünü iddia edib. Lakin beynəlxalq agentliklər bu iddiaların hamısını müstəqil şəkildə təsdiqləməyin mümkün olmadığını qeyd edirlər.

FLA nümayəndəsi Məhəmməd əl-Maulud Ramadan Rusiyaya da müraciət edərək Moskvanı Mali xuntasına dəstəyini yenidən nəzərdən keçirməyə çağırıb. “Associated Press” yazır ki, FLA Rusiya qüvvələrinin Malidəki münaqişədə rolunun mülki əhalinin vəziyyətini ağırlaşdırdığını iddia edir.

Mali son illərdə təhlükəsizlik siyasətində Qərb tərəfdaşlarından uzaqlaşaraq Rusiyaya yaxınlaşıb. Malidə əvvəl “Vaqner” adı ilə tanınan rusiyalı döyüşçülər, daha sonra isə Rusiya Müdafiə Nazirliyi ilə əlaqələndirilən “Afrika Korpusu” qüvvələri hökumətə dəstək verir. Buna baxmayaraq, aprelin 25-dəki hücumlar ölkədə təhlükəsizlik vəziyyətinin yenidən ciddi şəkildə pisləşdiyini göstərib.

Hazırda helikopterin dəqiq modeli, ölənlərin sayı və hücumun konkret hansı qruplaşma tərəfindən həyata keçirildiyi barədə rəsmi təsdiq yoxdur. Mövcud məlumatlar əsasən Rusiya tərəfinə yaxın sosial media kanalları, üsyançıların yaydığı iddia edilən görüntülər və açıq mənbələrə istinad edən media materiallarına əsaslanır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930