İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livandakı Hizbullah hədəflərinə “güclü zərbələr” endirmək tapşırığı verib. İsrail Baş Nazirliyinin açıqlamasına görə, qərar Livandan İsrailin şimalına raket və pilotsuz uçuş aparatlarının buraxılması ilə bağlı məlumatlardan sonra qəbul edilib.
MSNews.az xəbəri “Sözcü” nəşrinə istinadən verir.
İsrail mediası hücum əmri öncəsi ölkənin şimalında sirenaların işə düşdüyünü yazıb. İsrail ordusu isə Livanın cənubunda yerləşən Deyr əz-Zəhrani, Reman və Əs-Samiyə bölgələrində Hizbullaha məxsus raket buraxılış qurğularını vurduğunu bildirib. Ordunun iddiasına görə, həmin qurğular istifadəyə hazır vəziyyətdə olub və İsrail hərbçiləri ilə mülki şəxslər üçün “birbaşa təhlükə” yaradıb.
Hadisə İsrail və Livan arasında elan edilmiş müvəqqəti atəşkəs fonunda baş verib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl aprelin 17-də qüvvəyə minən 10 günlük atəşkəsin daha üç həftə uzadıldığını açıqlamışdı. Buna baxmayaraq, son zərbələr regionda onsuz da kövrək olan razılaşmanın dayanıqlığı ilə bağlı sualları artırıb.
“Wall Street Journal” Livan dövlət mediasına istinadən yazır ki, İsrailin cənubi və şərqi Livana zərbələri intensivləşib. Məlumata görə, hücumlar hava zərbələri, artilleriya atəşi və dron əməliyyatlarını əhatə edib, bəzi ərazilərdə ölənlərin olduğu bildirilib. İsrail tərəfi isə zərbələrin Hizbullahın təcili təhlükə yaradan hərbi infrastrukturuna qarşı yönəldiyini iddia edir.
Qeyd edək ki, İsrail ordusu martın 2-dən Livana qarşı genişmiqyaslı hava hücumlarına başlayıb. Livan hökuməti həmin dövrdə ölkə daxilində məcburi köçkünlərin sayının 1 milyon 162 mini keçdiyini açıqlamışdı.