İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin devrilməsini ölkəsinin qarşısında duran əsas strateji vəzifələrdən biri kimi təqdim edərək, Tehrandakı mövcud rejimin məğlub edilməsinin HƏMAS və “Hizbullah”a qarşı mübarizənin də yekunlaşdırılmasına imkan yaradacağını bildirib.
MSNews.az xəbər verir ki, Netanyahu son günlərdə İranla bağlı bu mövqeyi bir neçə dəfə açıq şəkildə səsləndirib. Sentyabrın 3-də İsrail ordusunun Baş Qərargah forumu ilə görüşdə o, İran hakimiyyətini “həmişəkindən daha zəif” adlandırıb və əsas vəzifənin təhlükəni “birdəfəlik aradan qaldırmaq, yəni rejimi devirmək” olduğunu söyləyib. “Makor Rişon” onun bu məqsədi “əlçatan” adlandırdığını yazıb.
Netanyahu sentyabrın 6-da hökumətin iclasında da oxşar mövqeni təkrarlayıb. “Walla” və “Makor Rişon” onun İran hakimiyyətinin “sonunun yaxınlaşdığını” və İsrailin rejimin devrilməsi üzrə “missiyanı tamamlamaqda qərarlı” olduğunu bildirdiyini qeyd edir.
Baş nazir avqustun 30-da “Channel 14”ün “The Patriots” proqramında çıxışı zamanı da İran məsələsini HƏMAS və “Hizbullah”la əlaqələndirib. “News1” Netanyahuya istinadən yazır ki, İran hakimiyyəti məğlub edilərsə, “HƏMAS-ın və ‘Hizbullah’ın tam aradan qaldırılmasına gedən yol” daha da qısalacaq.
Netanyahu çıxışında daxili siyasi rəqibi, keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotu da hədəf alıb. “The Times of Israel” yazır ki, baş nazir Eyzenkotu müharibə dövründə Rəfah, Livan, Suriya və İranla bağlı bəzi hərbi addımlara qarşı çıxmaqda ittiham edib və qarşıdakı seçkiləri ölkənin təhlükəsizlik siyasətinin gələcəyi ilə əlaqələndirib. Eyzenkot isə Netanyahunun bu ittihamlarının bir hissəsini rədd edib.
Netanyahu həmçinin Qəzzada HƏMAS tərksilah edilmədən İsrail qüvvələrinin geri çəkilməyəcəyini vurğulayıb. Onun fikrincə, İran, “Hizbullah” və HƏMAS-a qarşı aparılan əməliyyatlar vahid regional təhlükəsizlik strategiyasının hissələridir.