Avtoidman həvəskarları son günlər Niderlandda vaxtilə keçirilmiş olduqca qəribə yarış formatını yenidən kəşf ediblər. Söhbət avtomobillərin geri ötürücüdə yarışdığı məşhur “DAF reverse racing”-dən gedir. Arxiv görüntüləri sosial şəbəkələrdə yenidən dövrəyə girib və köhnə format bir daha motorsport azarkeşlərinin maraq mərkəzinə düşüb.
“Goodwood”-un yazdığına görə, bu yarışlar əvvəlcə Niderlandın Zandvoort trasında keçirilirdi və nəticə demək olar ki, həmişə tam xaos olurdu.
Bu qeyri-adi yarışların yaranmasının əsas səbəbi DAF markalı avtomobillərin “Variomatic” adlı CVT transmissiyası idi. “Goodwood”-un izahına görə, bu sistem DAF maşınlarına irəli getdiyi maksimum sürətə yaxın tempdə geri də hərəkət etməyə imkan verirdi; məhz, buna görə də köhnə və ucuz DAF-larla “geri sürüş yarışı” ayrıca əyləncəli motorsport növünə çevrilmişdi.
“Curbside Classic” də bu xüsusiyyəti təsdiqləyərək qeyd edir ki, DAF-ların irəli və geri demək olar eyni performansı bu çılğın holland yarış mədəniyyətini doğurmuşdu.
Tarixi baxımdan bu, sadəcə internet əfsanəsi deyil. “Getty Images” arxivində 9 avqust 1979-cu ildə Zandvoortda keçirilən geri yarışdan qəza fotosu mövcuddur; şəkildə maşının yana çevrildiyi və tribunaların dolu olduğu görünür. Bu da formatın həqiqətən rəsmi tras şəraitində və kütləvi tamaşaçı qarşısında keçirildiyini göstərir.
Viral olan əsas videonun isə erkən 1980-ci illərə aid arxiv kadrları olduğu görünür. “Curbside Classic” həmin materialı 1981-ci il Holland avtomobil videosunun bir hissəsi kimi təqdim edir və orada geri yarışla yanaşı çoxsaylı toqquşmaların, baryerə çırpılmaların və digər qəribə səhnələrin yer aldığını yazır. “Goodwood” da vurğulayır ki, sürücülər əsasən güzgülərə və arxa şüşədən görünən məhdud mənzərəyə arxalanırdı, bu isə stabilliyi çox zəif olan yarışlara səbəb olurdu.
Bu motorsport növü sonda uzunömürlü olmadı. “Goodwood”-un məlumatına görə, tez-tez baş verən qəzalar, DAF avtomobillərinin sıradan çıxması və sağlam qalan maşınların getdikcə azalması nəticəsində yarış 1980-ci illərin sonlarına doğru yoxa çıxdı. Yəni bu gün internetdə nostalji və yumorla paylaşılmasına baxmayaraq, formatın niyə davam etmədiyini anlamaq çətin deyil.