ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felanın administrasiyanı tərk etməsi ilə bağlı yayılan xəbərlərdən sonra məsələnin detalları aydınlaşmağa başlayıb.
MSNews.az-ın “Reuters”-ə istinadən məlumatına görə, Felan sadəcə istefa verməyib, vəzifəsindən uzaqlaşdırılıb. Agentlik yazır ki, bu barədə həm ABŞ rəsmisi, həm də məsələ ilə tanış digər şəxs məlumat verib.
Pentaqonun sözçüsü Şon Parnell rəsmi açıqlamada yalnız Felanın “administrasiyanı dərhal tərk etdiyini” bildirib, lakin səbəbləri açıqlamayıb. Eyni bəyanatda qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin müavini Hunq Kao müvəqqəti olaraq bu vəzifəni icra edəcək.
Nəşrin yazdığına görə, Felanın gedişinin arxasında əsas səbəblərdən biri gəmiqayırma islahatlarının ləng getməsi və Pentaqon rəhbərliyi ilə münasibətlərin korlanması olub. Agentliyin mənbələri bildirir ki, müdafiə naziri Pit Heqset, nazir müavini Stiv Feinberq və digər yüksək vəzifəlilərlə münasibətlər son aylarda gərginləşib.
“The Wall Street Journal” da ABŞ rəsmilərinə istinadən oxşar məlumat yayıb. Nəşrin yazdığına görə, Heqset ilə Felan arasında aylarla davam edən gərginlik var idi və nəticədə Felan vəzifədən kənarlaşdırılıb.
“ABC News” isə administrasiya daxilindən aldığı məlumata əsasən, Felanın “öz istəyi ilə getmədiyini”, ondan vəzifədən getməsinin istəndiyini yazıb.
Felan 2025-ci ilin martında vəzifəyə təsdiqlənmişdi. O, hərbi keçmişə malik olmayan nadir donanma nazirlərindən biri idi və əvvəllər investisiya bankiri kimi fəaliyyət göstərmişdi. Onun təyinatı vaxtilə də bu səbəbdən diqqət çəkmişdi.