ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın 33 ali məktəbini, elmi-tədqiqat institutunu və elmi-istehsalat təşkilatını təhlükəli xarici əməkdaşlıq riskləri ilə bağlı siyahıya daxil edib.
MSNews.az xəbər verir ki, söhbət ABŞ qanunvericiliyinin 1286-cı bölməsi əsasında hazırlanan və “problemli fəaliyyətlə məşğul olduğu təsdiqlənmiş xarici institutlar” kimi təqdim edilən siyahının 2025-ci maliyyə ili üzrə yenilənmiş variantından gedir. Siyahı birbaşa sanksiya reyestri deyil, ABŞ-ın müdafiə büdcəsi hesabına aparılan elmi tədqiqatlarda əməkdaşlıq məhdudiyyətlərini müəyyənləşdirir.
Rusiyadan siyahıya daxil edilən qurumlar arasında Moskva Dövlət Universiteti, Ali İqtisadiyyat Məktəbi, Moskva Fizika-Texnika İnstitutu, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Kurçatov İnstitutu, Skolkovo Elm və Texnologiya İnstitutu və Tomsk Politexnik Universiteti yer alır.
Bu barədə “RBK” məlumat yayıb.
Yenilənmiş siyahıda ümumilikdə Rusiya, Çin və İrandan 130 təşkilat göstərilib. Onlardan 33-ü Rusiyanın elmi, təhsil və elmi-istehsalat qurumlarıdır.
Qaydalara əsasən, 2026-cı maliyyə ilindən etibarən ABŞ Müdafiə Nazirliyinin siyahıdakı qurumlarla əməkdaşlıq çərçivəsində aparılan fundamental tədqiqatlara vəsait ayırması qadağan edilir. Məhdudiyyət qrantlara, müqavilələrə və ali təhsil müəssisələrinə göstərilən digər maliyyə yardımına şamil olunur.
Qadağa yalnız həmin təşkilatlara birbaşa pul köçürülməsini deyil, onların əməkdaşları ilə birgə tədqiqatların aparılmasını və siyahıdakı qurumlara məxsus avadanlıqdan istifadə edilməsini də əhatə edir.
Pentaqon bu mexanizmin məqsədini ABŞ tərəfindən maliyyələşdirilən elmi bilik və texnologiyaların milli təhlükəsizlik üçün riskli hesab olunan xarici təşkilatlara ötürülməsinin qarşısını almaqla izah edir.
Bununla belə, qurumların siyahıya daxil edilməsi onların ABŞ-da bütün fəaliyyətlərinin avtomatik qadağan olunması və ya klassik iqtisadi sanksiyalara məruz qalması demək deyil. Məhdudiyyət əsasən Müdafiə Nazirliyinin maliyyələşdirdiyi fundamental elmi tədqiqatlara aiddir.