Koçaryan Ermənistan MSK-nı məhkəməyə verdi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Mərkəzi Seçki Komissiyasının 17 iyun qərarından narazı qalaraq İnzibati Məhkəməyə müraciət edib.

7

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət edib.

MSNews.az xəbər verir ki, “Armenia Today” Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun lideri Robert Koçaryanın İnzibati Məhkəməyə müraciət etdiyini yazır. O, Ermənistan Mərkəzi Seçki Komissiyasının qərarının ləğvini tələb edir.

Məlumata görə, Koçaryanın iddiası artıq icraata qəbul edilib. İş üzrə məhkəmə iclasının 24 iyun saat 10:00-a təyin olunduğu bildirilir.

“Sputnik Ermənistan” yazır ki, Koçaryan MSK-nın 17 iyun tarixli qərarını mübahisələndirir. Həmin qərarla komissiya onun barəsində cinayət təqibinin başlanmasına razılıq verib.

Daha əvvəl Ermənistan Baş Prokurorluğu MSK-ya müraciət edərək Robert Koçaryana qarşı cinayət təqibinin aparılması üçün razılıq istəmişdi. “Armenpress” Baş Prokurorluğa istinadən yazır ki, buna səbəb Koçaryanın parlament seçkilərində “Hayastan” blokunun siyahısında ilk sırada yer almasıdır.

Ermənistan qanunvericiliyinə görə, parlamentə keçən siyasi qüvvənin deputatlığa namizədi barəsində cinayət təqibinin başlanması üçün Mərkəzi Seçki Komissiyasının razılığı tələb olunur.

MSK 17 iyunda Baş Prokurorluğun müraciətini təmin edib. Ermənistan mediasının məlumatına görə, qərardan sonra Koçaryanın müdafiə tərəfi bunun siyasi xarakter daşıdığını və əsaslandırılmadığını bildirib.