Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan sentyabrın 24-də Nyu-Yorkda görüşüblər. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi müzakirə edib və birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.
MSNews.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin yaydığı məlumatlarda görüşün nəticələri ilə bağlı eyni məqamlar qeyd olunub.

Nazirlər Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalardan sonra prosesdə qeydə alınmış irəliləyişi nəzərdən keçiriblər.

Görüşdə xüsusi diqqət iki ölkə arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılması məsələsinə yönəlib. Ticarət və tranzit əlaqələri sülhün tərəflər üçün yarada biləcəyi praktiki faydaların nümunələri kimi qiymətləndirilib.
Ceyhun Bayramov və Ararat Mirzoyan müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşün yekununda nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.