ABŞ ordusu İranın hava hücumlarından sonra Səudiyyə Ərəbistanındakı əsas hərbi bazalardan birində Ukraynanın antidron texnologiyasını tətbiq etməyə başlayıb.
“Reuters”-in məlumatına görə, son həftələrdə Ukraynaya məxsus “Sky Map” adlı komanda-idarəetmə platforması “Prince Sultan” aviabazasında yerləşdirilib və bu sistem ABŞ hərbçilərinə dron təhlükələrini aşkarlamaq və onlara qarşı operativ reaksiya vermək üçün təqdim olunub.
Agentliyin yazdığına görə, Ukrayna hərbi rəsmiləri bazaya gələrək ABŞ personalına “Sky Map” platformasından istifadə üzrə təlim keçiblər. Sistem Ukrayna ordusunda geniş istifadə olunur və xüsusilə İran mənşəli “Shahed” dronları kimi hədəflərin aşkarlanması və qarşısının alınması üçün hazırlanıb. Nəşr bunu Ukraynanın dörd illik Rusiya müharibəsində formalaşdırdığı döyüş təcrübəsinin ABŞ tərəfindən praktik şəkildə mənimsənilməsi kimi qiymətləndirir.
Bu addım həm də ABŞ hava hücumundan müdafiə sistemlərindəki boşluqlarla bağlı narahatlıqları yenidən gündəmə gətirib. “Reuters”-ə danışan Hudson İnstitutunun eksperti Timoti Uolton bildirib ki, ABŞ-ın dünya üzrə hava və raket müdafiəsində uzun illərdir həll olunmamış boşluqlar var və bu problem indiyədək tam aradan qaldırılmayıb.
Maraqlıdır ki, bu qərar Donald Trampın martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin antidron dəstəyi təklifini açıq şəkildə rədd etməsindən cəmi bir neçə həftə sonra verilib. Nəşr qeyd edir ki, Tramp həmin vaxt “bizə onların dron müdafiəsi üzrə köməyi lazım deyil” demişdi. Buna baxmayaraq, indi ABŞ hərbçiləri məhz, Ukrayna texnologiyasından istifadə etməyə başlayıblar.
“Reuters” yazır ki, “Prince Sultan” bazası müharibə başlayandan bəri İranın dron və raket hücumlarının əsas hədəflərindən biri olub. Həmin hücumlar nəticəsində təyyarələr və binalar sıradan çıxıb, azı bir hərbçi həlak olub. Bazada “Sky Map”dən başqa, “Northrop Grumman”-ın FAAD komanda platforması və “RTX” şirkətinin “Coyote” interceptorları da daxil olmaqla bir neçə antidron sistemi istifadə olunur.
Əlavə olaraq, ABŞ ordusunun antidron imkanlarını genişləndirmək üçün “Epik Qəzəb” əməliyyatı çərçivəsində ilk ayda 350 milyon dollar ayırdığı, ümumi öhdəliyin isə 600 milyon dolları keçdiyi digər ixtisaslaşmış müdafiə nəşrlərində də yer alıb. Bu isə Vaşinqtonun İran və digər bölgələrdən gələn pilotsuz təhlükələri artıq sistemli təhlükəsizlik problemi kimi gördüyünü göstərir.