Hörmüz boğazı böhranı: İran müharibəsinin qlobal iqtisadiyyata təsiri – TƏHLİL

"Hörmüz boğazında artan gərginlik neft bazarını, dolların mövqeyini və qlobal iqtisadi sabitliyi ciddi təzyiq altında saxlayır"- QAFSAM eksperti Novruzəli Yusubzadə təhlil edir.

102

İran ətrafında gedən müharibə barədə danışarkən çoxları məsələyə yalnız hərbi və ya siyasi aspektdən yanaşır. Halbuki burada ən kritik məsələlərdən biri Hörmüz boğazının qlobal iqtisadiyyat üçün ifadə etdiyi mənadır. Məncə, bu mövzu çox vaxt ya səthi izah olunur, ya da sadəcə neft qiymətləri səviyyəsində şərh edilir. Halbuki məsələ təkcə enerji daşımaları ilə məhdudlaşmır. Hörmüz boğazı qlobal maliyyə sisteminin, rezerv valyuta balansının və böyük güclər arasındakı iqtisadi rəqabətin də əsas təzyiq nöqtələrindən biridir.

Amerikan hegemoniyasının fiziki ifadəsi dollar sistemidir. Dolların qlobal rezerv valyuta statusunu qoruyan əsas sütunlardan biri isə enerji ticarətinin uzun illərdir bu valyuta üzərindən qurulmasıdır. Başqa sözlə, söhbət petro-dollar sistemindən gedir. Bu sistemin gücü ondan ibarətdir ki, neft bazarının hərəkəti dolların likvidliyini, dolların likvidliyi isə Amerikanın qlobal təsir imkanlarını qoruyur. Hörmüz boğazının bağlanması və ya hətta uzun müddət risk altında qalması isə bu mexanizmdə ciddi sarsıntı yaradır. Çünki burada neftin özündən çox, onun dövriyyə qabiliyyəti və bazarın fasiləsiz işləməsi həlledicidir.

Əgər Hörmüzdə keçid iflic həddinə yaxınlaşırsa, bu, əvvəlcə neft tədarükünə, sonra neft qiymətlərinə, ardınca isə dolların davranışına təsir edir. Burada əsas paradoks ondan ibarətdir ki, dollar bir tərəfdən böhran anlarında yenə də “təhlükəsiz liman” kimi güclənir, digər tərəfdən isə həddindən artıq möhkəmlənəndə Amerikanın ixrac maraqlarına zərbə vurur. Yəni Vaşinqton üçün geosiyasi gərginlik qısa müddətdə üstünlük yarada bilər, amma uzun müddətdə bu üstünlük iqtisadi problemə çevrilir.

Donald Trampın iqtisadi xəttinə baxanda görünür ki, o, xüsusilə ikinci prezidentlik dövründə dolların həddindən artıq güclü qalmasının Amerika sənayesinə və ixracına mənfi təsir etdiyini anlayır. Əslində bu, yeni yanaşma deyil. Onun ilk prezidentliyi dövründə də Çin yuanının dəyərinin aşağı saxlanmasına görə Pekinə təzyiq göstərməsinin səbəbi məhz bu idi. Çin uzun illər ucuz işçi qüvvəsi, aşağı istehsal xərcləri və nəzarətli məzənnə siyasəti hesabına bazarda rəqabət üstünlüyü qazanmışdı. ABŞ isə daha yüksək standartlar, daha bahalı istehsal və daha sərt iqtisadi çərçivə ilə bu yarışda eyni üsullarla cavab verə bilmirdi.

Məhz, buna görə Trampın iqtisadi baxışında dolların müəyyən dərəcədə zəifləməsi ixracı stimullaşdırmaq, Amerika məhsullarını yenidən rəqabətədavamlı etmək və dünya bazarlarında mövqeni bərpa etmək üçün vacib görünürdü. Amma burada başqa ziddiyyət meydana çıxır. ABŞ özü dünyanın ən böyük enerji istehlakçılarından biridir. Əgər enerji axınları pozularsa və ya enerji xərcləri sürətlə yüksələrsə, onda dolların gücü ilə daxili qiymət təzyiqləri arasında yeni böhran yaranır. Bu da Trampın iqtisadi modelini çətin vəziyyətə salır. Ona görə Vaşinqton üçün xarici neft və qaz resurslarına çıxış, xüsusilə də, onları birbaşa nəzarətdə saxlamaq, sadəcə enerji məsələsi deyil, həm də fiskal və valyuta məsələsidir.

İran məsələsinə də bu prizmadan baxmaq lazımdır. Çoxlarının düşündüyü kimi burada söhbət yalnız təhlükəsizlik və ya regional nüfuzdan getmir. İranın enerji resursları, onun coğrafi mövqeyi və Hörmüz üzərində təsir imkanları bu ölkəni böyük güclərin strateji hesablamalarında mərkəzə çevirir. ABŞ-ın zaman-zaman “mən sadəcə neft istəyirəm” tipli mesajlar verməsi də əslində geosiyasi ritorikadan çox, iqtisadi məntiqin etirafıdır.

Çin məsələsi isə daha incədir. İctimai müzakirələrdə tez-tez belə fikir irəli sürülür ki, Çin guya dolları qlobal sistemdən çıxarmaq və yuanı onun yerinə keçirmək istəyir. Məncə, bu yanaşma həddindən artıq sadələşdirilmiş yanaşmadır. Çin üçün indiki sistem, bütün çatışmazlıqlarına baxmayaraq, hələ də son dərəcə əlverişlidir. Çünki Çin ixracyönümlü iqtisadiyyatını məhz dolların rezerv statusu və öz valyutasının nisbətən ucuz qalması hesabına qoruyur. Dolları rezerv pul kimi ayaqda saxlayan əsas iqtisadi güclərdən biri də məhz Çindir. Çin və Yaponiya kimi ölkələr dollar aktivlərini toplamaqla bir tərəfdən qlobal sistemi sabit saxlayır, digər tərəfdən isə öz milli valyutalarının bahalaşmasının qarşısını alırlar. Bu da onlara xarici bazarlarda üstünlük verir.

Bu nöqtədə Hörmüz böhranı Pekin üçün təhlükəli xarakter alır. Əgər enerji marşrutları pozulursa, Çin daha baha neft almağa məcbur olur. Eyni zamanda bölgədə alternativ ödəniş mexanizmləri və yuanla hesablaşma tələbləri artarsa, yuanın məzənnəsi üzərində də təzyiq yaranır. Halbuki Çin üçün ən sərfəli model yuanın sürətlə bahalaşması deyil, nəzarətli və ixracı qoruyan sabitlikdir. Yuanın həddindən artıq güclənməsi Çin məhsullarının rəqabət qabiliyyətini aşağı salar. Buna görə də müharibə uzandıqca Çin ikiqat itki verir: həm enerjiyə daha çox pul ödəyir, həm də valyuta üstünlüyünü risk altına salır.

Burada diqqətçəkən başqa bir məsələ də klassik müharibə iqtisadiyyatı ilə müasir müharibə iqtisadiyyatı arasındakı fərqdir. Ənənəvi düşüncəyə görə, müharibə başlayanda qızıl bahalaşır, kağız pullar zəifləyir və bazar refleksi kifayət qədər sadə olur. Amma müasir münaqişələrdə bu düstur həmişə işləmir. Çünki indi bazarlarda yalnız psixoloji panika yox, həm də enerji logistikası, likvidlik ehtiyacı, maliyyə axınları, borc bazarları və mərkəzi bank davranışları paralel işləyir. Yəni indikı müharibələrdə investorun reaksiyası təkcə “qızıl al, pulu sat” səviyyəsində deyil. Sistemdəki mürəkkəblik klassik şablonları xeyli zəiflədir.

Hörmüz bağlandıqdan sonra və ya ciddi risk altına düşdükdən sonra Körfəz ölkələrinin neft sata bilməməsi ayrıca bir maliyyə problemi yaradır. Çünki bu dövlətlərin fiskal modeli neft gəlirlərinə söykənir. Gəlir axını zəifləyəndə onlar likvidlik və rezerv siyasətlərini dəyişməyə məcbur qalırlar. Bu isə valyuta bazarlarında əlavə təlatüm yaradır. Nəticədə məsələ sırf regional enerji böhranı kimi yox, qlobal valyuta balansına təsir edən proses kimi çıxış edir.

ABŞ üçün burada əsas təhlükə dolların həddindən artıq möhkəmlənməsidir. Böhran dərinləşdikcə bazar kapitalı yenidən dollara yönəlir. Bu, ilk baxışda Amerikanın xeyrinə görünür. Lakin dollar həddən artıq güclənəndə ixrac daralır, sənaye məhsullarının rəqabət gücü azalır, daxildə isə enerji və logistika xərclərinin yaratdığı qiymət təzyiqləri sosial narazılığı artırır. Müharibənin siyasi tərəfi nə qədər böyük olsa da, sıravi amerikalı seçici ilk növbədə yanacaq və gündəlik xərclərə baxır. Bu isə ABŞ administrasiyası üçün daxili siyasi limit yaradır.

Çin üçünsə əsas təhlükə iqtisadi modelin balansının pozulmasıdır. Pekin nə enerji şokunun dərinləşməsində, nə də yuanın sürətlə bahalaşmasında maraqlıdır. Buna görə də müharibə uzandıqca Çin daha aktiv şəkildə vasitəçilik, diplomatik yumşalma və masa arxasına dönüş üçün təzyiq göstərəcək. Pakistan vasitəsilə diplomatik kanalların yenidən işə salınmasının arxasında da yalnız siyasi yox, iqtisadi məcburiyyət dayanır.

Mənim qənaətimcə, ABŞ və Çin hələ tam iqtisadi limitə çatmayıblar. Amma hər iki tərəf təhlükəli həddə doğru hərəkət edir. Mövcud dinamika göstərir ki, bu müharibənin iqtisadi davamlılığı sonsuz deyil. Zaman uzandıqca Vaşinqton üçün güclü dollar və enerji inflyasiyası, Pekin üçün isə baha enerji və valyuta təzyiqi daha dözülməz olacaq. Bu səbəbdən də tərəflərin hərbi ritorikası nə qədər sərt olsa da, iqtisadi reallıq onları müəyyən mərhələdə yenidən diplomatiyaya qaytarmağa məcbur edəcək.

Nəticə etibarilə, Hörmüz boğazı uğrunda mübarizə sadəcə bir dəniz keçidi uğrunda savaş deyil. Bu, neftin qiyməti, dolların gücü, yuanın sabitliyi, böyük güclərin ixrac modelləri və qlobal iqtisadi sistemin dayanıqlılığı uğrunda mübarizədir. Hörmüzdə baş verən hər bir gərginlik əslində qlobal iqtisadiyyatın sinir sisteminə vurulan zərbədir. Kim bu məsələni yalnız İran-ABŞ qarşıdurması kimi oxuyursa, o, böhranın ən vacib qatını görmür.

Analitik təhlil | Novruzəli YUSUBZADƏ