İranda baş verən son etirazlar və sosial narazılıqlar ölkənin gələcəyinə dair sualları yenidən gündəmə gətirib. QAFSAM eksperti Novruzəli Yusubzadə bildirir ki, İranda daxili iqtisadi çətinliklər, etnik gərginliklər və geosiyasi təsirlər birləşərək, ölkədə rejim dəyişikliyi ehtimalını artırır. O, xüsusilə Pəhləvilərin siyasi hakimiyyətə geri dönməsi və ABŞ-İsrail arasındakı fərqli mövqelərin region üçün yaratdığı risklərə diqqət çəkir.
Novruzəli Yusubzadə bildirir ki, İrandakı proseslər bir neçə mümkün istiqamətdə inkişaf edə bilər və burada həm daxili, həm də xarici dəyişkənlərin çoxluğu ssenariləri artır.
“Rejim yarandığı gündən bəri bir neçə dəfə indikindən də böyük sınaqlardan keçib və ayaqda qalmağı bacarıb. Lakin inflyasiya və geosiyasi vəziyyət bu gün İranı yenidən gündəmə gətirib.”
Ekspertin fikrincə, İranda daxili narazılıqlar əsasən iqtisadi və sosial çətinliklərlə bağlıdır. Xarici təsirlər isə əsasən İranın nüvə və raket potensialı ilə əlaqəlidir.
Yusubzadə vurğulayır:
“İranda iqtidarın ötürülməsinin əsas səbəbi İranın əlindəki 60 faiz zənginləşdirilmiş 400 kiloqram uran və orta mənzilli qitələrarası raketlərin olması, həmçinin Orta Şərq regionunda ‘Kürdüstan layihəsinin’ sürətlə dövlətləşməsidir.”
İranda xalqın mövqeyi etnik fərqlər üzrə bölünüb. Ekspert deyir ki, farslar, lurlar, bəluclar ilk günlərdən ayağa qalxıb iqtisadi narazılıqlarını daha sonra Şah rejiminin, yəni Pəhləvilərin geri qayıtmasına çevirdilər. Azərbaycanlılar və kürdlər isə daha çox ‘milli hökümət’ şüarları ilə həm dini rejimə, həm də Pəhləvilərə qarşıdır.
Hakimiyyətin ötürülməsində ABŞ və İsrail arasında fikir ayrılıqları mövcuddur.
Yusubzadə bildirir:
“İsrail yenidən Pəhləvilərin gəlişini, ABŞ isə daxildən ortaq bir namizədin seçilməsindən yanadır. Bütün bu ssenarilərə baxanda, İranda üsyan rejim dəyişikliyi həddinə çatacaqsa, ABŞ-nin, eləcə də, azərbaycanlı və kürd əhalinin mövqeyi həll edici olacaq.”
Ekspertin təhlilinə görə, Pəhləvilərin siyasi hakimiyyətə dönüşü baş verəcəksə, İran indiki kimi stabil dövlət olmaqdan çıxaraq, İraq və Suriya kimi öz torpaq bütünlüyünə tam nəzarət edə bilməyəcək. Bu da region üçün təhlükə yaradacaq. N.Yusubzadə qeyd edir ki, Azərbaycan və Türkiyə ilə sərhəddə qeyri-stabil vəziyyət yarana bilər ki, bu zaman da milyonlarla köç, terrorizm, iqtisadi və sosial təhdidlər ortaya çıxacaq.
İrandakı mövcud sistemdə azərbaycanlılar etnik baxımdan böyük olsalar da, digər qruplar kimi silahlı-hərbi təşkilatlara sahib deyillər.
Ekspert vurğulayır:
“İrandakı keçid zamanı say çoxluğu və hazırkı siyasi konyektura Pəhləvilərdən başqa birinə ötürüləcəksə azərbaycanlılar bundan qazanclı çıxa bilər. Lakin digər ehtimalda İranın suverenliyi pozularsa, azərbaycanlı əhali özünü müdafiə edə bilməyəcək. Soyuqbulaq, Tehran kimi qarışıq ərazilərdə yeni konfliktlər yarana bilər ki, bu da Azərbaycan Respublikasını da birbaşa narahat edən faktora çevriləcək.”
Bu səbəblərdən N.Yusubzadə vurğulayır ki, Azərbaycan Respublikası prosesləri yaxından izləməli və soydaşlarımıza müxtəlif ssenarilərdə yardıma hazır olmalıdır.

Novruzəli Yusubzadə / QAFSAM-ın eksperti