Paşinyan Rusiyada səfərdədir

Putin və Paşinyan görüşündə Ermənistanın Aİ seçimi, KTMT-də iştirakı, Qarabağ məsələsi və daxili siyasi proseslər ətrafında sərt mesajlar səsləndi.

29

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və sonrakı açıqlamalar Moskva–İrəvan xəttində yığılan əsas ziddiyyətləri bir daha açıq şəkildə üzə çıxarıb. Tərəflər Ermənistanın Avropa İttifaqına mümkün yaxınlaşması, KTMT-də iştirakını faktiki dondurması, Qarabağ məsələsi və Ermənistanın daxili siyasi prosesi ətrafında qarşılıqlı mesajlar veriblər.

Vladimir Putin bildirib ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ətrafında gedən müzakirələrə sakit yanaşır. Bununla belə, o vurğulayıb ki, Avropa İttifaqına üzvlük və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda qalmaq uyğun gəlmir və bu, ilk növbədə iqtisadi xarakter daşıyan məsələdir. Putin əlavə edib ki, əgər vaxt gələrsə, Ermənistan xalqı öz qərarını verəcək, amma bu proses Ermənistan-Rusiya münasibətlərinə zərər vurmamalıdır. Rusiya lideri həmçinin Ermənistan üçün Rusiya qazının qiyməti ilə Avropadakı qiymətlər arasında böyük fərq olduğunu xatırladıb və 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 6,4 milyard dollara çatdığını deyib.

Nikol Paşinyan isə öz növbəsində Ermənistanın KTMT ilə bağlı narazılığını yenidən gündəmə gətirib. O bildirib ki, 2022-ci ildə yaranmış konkret vəziyyətdə təşkilatın mexanizmləri işləməli idi, lakin bu baş vermədi. Paşinyanın sözlərinə görə, rəsmi İrəvan indiyədək öz cəmiyyətinə “niyə KTMT mexanizmləri işləmədi” sualına aydın cavab verə bilmir və buna görə Ermənistan hazırda təşkilatın işində iştirak etmir. Baş nazir bunun gizlədilən məsələ olmadığını, əksinə, açıq şəkildə dəfələrlə dilə gətirildiyini vurğulayıb.

Qarabağ məsələsi ilə bağlı polemika da diqqət çəkib. Paşinyan bəyan edib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi məhz, Rusiya rəhbərliyinin bunu iki dəfə açıq şəkildə dilə gətirməsindən sonra tanıyıb. Onun fikrincə, bu qərar ayrıca və birtərəfli addım deyil, artıq formalaşmış siyasi reallığın qəbul edilməsi olub. Putin isə cavabında bildirib ki, Ermənistan 2022-ci ildə Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyandan sonra proses daxili Azərbaycan məsələsi xarakteri alıb və belə şəraitdə KTMT-nin müdaxiləsi həm mümkün, həm də etik baxımdan doğru olmazdı.

Paşinyan daha sonra Qarabağ hərəkatı ilə bağlı da sərt mövqe ortaya qoyub. O deyib ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olunubsa, Qarabağ hərəkatını əvvəlki formada davam etdirmək mənasızdır. Baş nazirin fikrincə, yeni regional reallıq keçmiş gündəmlərə deyil, sülhün qorunmasına və gələcəyə yönəlmiş siyasətə üstünlük verməyi tələb edir.

Görüş zamanı Ermənistanın daxili siyasi həyatı ilə bağlı da maraqlı epizod yaşanıb. Vladimir Putin Rusiyadan olan pasport sahiblərinin, o cümlədən saxlanılan şəxslərin vəziyyətinə toxunaraq, həmin siyasi qüvvələrin seçkilər dövründə ölkədaxili siyasi prosesdə iştirak edə bilməsini arzuladığını bildirib. Bu fonda Samvel Karapetyan ətrafında yaranmış müzakirələr yenidən gündəmə gəlib. Paşinyan isə cavabında Ermənistanın demokratik ölkə olduğunu, sosial şəbəkələrin azad fəaliyyət göstərdiyini, seçkilərin keçirildiyini vurğulayıb və açıq şəkildə bildirib ki, Ermənistanın daxili siyasi prosesində yalnız Ermənistan vətəndaşlığı olan şəxslər iştirak edə bilər.

Beləliklə, Putin və Paşinyan arasındakı son dialoq göstərdi ki, Moskva ilə İrəvan arasında münasibətlər açıq qarşıdurma mərhələsinə keçməsə də, tərəflər artıq ən həssas mövzularda gizli diplomatik dildən çox, birbaşa siyasi mesajlarla danışırlar. Xüsusilə Aİ seçimi, KTMT-nin rolu, Qarabağın hüquqi-siyasi statusu və Ermənistanın daxili siyasi suverenliyi məsələləri iki paytaxt arasında gələcək münasibətlərin əsas gərginlik nöqtələri olaraq qalır.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930