Ermənistanda Katolikos II Qaregin barəsində yeni cinayət işi hazırlanır

Ermənistan hüquq-mühafizə orqanları bütün ermənilərin katolikosu II Qareginə qarşı çirkli pulların yuyulması ittihamı ilə yeni cinayət işi hazırlayır. Prokurorluq hələ rəsmi açıqlama verməyib.

26

Ermənistanın hüquq-mühafizə orqanları bütün ermənilərin katolikosu II Qaregin barəsində çirkli pulların yuyulması ittihamı ilə yeni cinayət işi hazırlayır.

Bu barədə “Haraparak” nəşri mənbələrinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, söhbət Eçmiədzin fonduna məxsus olan və kilsəyə bağlı “Şoqakat” televiziya kanalının direktoru Mane Kazaryana verilmiş, daha sonra isə satılmış mənzillə bağlı əməliyyatdan gedir.

Məlumata əsasən, Mane Kazaryan şahid qismində dindirilib və İstintaq Komitəsinə çağırıldığını təsdiqləyib. O, işi əsassız hesab etdiyini və bunun televiziya kanalının fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını bildirib. Hazırda Ermənistan prokurorluğu və rəsmi qurumlar məsələ ilə bağlı hər hansı açıqlama verməyib.