Rusiya ordusu mayın 24-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib. Hücum şəhərin demək olar ki, bütün rayonlarında dağıntılara səbəb olub. Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, Kiyevdə 40-dan çox lokasiyada yaşayış binaları, mülki infrastruktur və digər obyektlər zədələnib.
MSNews.az xəbəri “Ukrinform” nəşrinə istinadən təqdim edir.
“Reuters” hücumu Rusiyanın müharibə başlayandan bəri Kiyevə endirdiyi ən ağır zərbələrdən biri kimi qiymətləndirib. Agentliyin məlumatına görə, Rusiya hücum zamanı yüzlərlə PUA və müxtəlif tipli raketlərdən, o cümlədən “Oreşnik” hipersəs ballistik raketindən istifadə edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında Rusiyanın 90 raket və 600 PUA buraxdığı bildirilir.

Kiyevin meri Vitali Kliçko hücum nəticəsində paytaxtda ölən və yaralananların olduğunu açıqlayıb. Son məlumata görə, Kiyevdə 2 nəfər həlak olub, yaralıların sayı isə 86 nəfərə çatıb. Yaralılar arasında uşaqlar da var.

Dağıntılar Kiyevin bir neçə rayonunda qeydə alınıb. Şevçenko rayonunda yaşayış binaları, ofis mərkəzi və avtomobillər zədələnib, bəzi ərazilərdə yanğınlar baş verib. Darnitsa, Obolon, Dnepr, Svyatoşin, Podol, Qoloseyev, Desnyan, Solomen və Peçersk rayonlarında da raket və PUA qalıqlarının düşməsi nəticəsində yaşayış evləri, ticarət obyektləri, anbarlar və digər tikililərə ziyan dəyib.

Ən çox zərər görən ərazilərdən biri Kiyevin Lukyanovka rayonu olub. Burada ticarət mərkəzi və yaxınlıqdakı bazar yanğın nəticəsində ciddi dağıntıya məruz qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə “Kvadrat” ticarət mərkəzinin böyük hissəsinin məhv olduğu görünür.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu “ağılsız terror” kimi qiymətləndirərək Qərb tərəfdaşlarını Rusiyaya qarşı daha sərt addımlar atmağa çağırıb. Rusiya Müdafiə Nazirliyi isə zərbələrin Ukraynanın hərbi idarəetmə obyektləri, aerodromları və hərbi-sənaye müəssisələrinə yönəldiyini iddia edib. Moskva mülki hədəfləri vurduğunu inkar edir.
Avropa liderləri hücumu və “Oreşnik” raketindən istifadəni kəskin pisləyiblər. Reuters yazır ki, Böyük Britaniya, Almaniya və Avropa İttifaqı rəsmiləri bu addımı eskalasiya və nüvə şantajı elementi kimi qiymətləndiriblər.