Vuçiç yaxın vaxtlarda istefa verə biləcəyini bildirdi

Serbiya Prezidenti Aleksandar Vuçiç Çinə səfəri zamanı yaxın vaxtlarda istefa verə biləcəyini açıqlayıb. Bəyanat ölkədə kütləvi etirazlar fonunda səslənib.

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın vaxtlarda dövlət başçısı postundan istefa verə biləcəyini bildirib. O, bu açıqlamanı Çinə səfəri zamanı jurnalistlərə danışarkən səsləndirib.

Serbiyanın Danas” nəşrinin məlumatına görə, Vuçiç prezidentlik mandatının sona yaxınlaşdığını qeyd edib və “mümkündür ki, tezliklə istefa verim” ifadəsini işlədib.

Vuçiç eyni zamanda Serbiyanın keçmiş prezidenti Boris Tadiçin 2012-ci ildə etdiyi kimi mandatı “texniki şəkildə qısaltmaq” niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, ya prezident istefa verir, ya da səlahiyyət müddətinin sonunadək vəzifəsində qalır.

Açıqlama Serbiyada hökumət əleyhinə etirazların gücləndiyi dövrə təsadüf edir. “Reuters” yazır ki, mayın 23-də Belqradda on minlərlə insan növbədənkənar seçkilər və Vuçiçin istefası tələbi ilə aksiyaya çıxıb. Etirazlar 2024-cü ildə Novi Sad şəhərində baş vermiş faciəli vağzal damı uçqunundan sonra korrupsiya və idarəçilik problemlərinə qarşı geniş siyasi hərəkata çevrilib. Belqraddakı son aksiyanın əsas hissəsi dinc keçsə də, daha sonra polis və etirazçılar arasında toqquşmalar baş verib. Polis 23 nəfərin saxlanıldığını bildirib. Vuçiç isə etirazçıları “zorakı ekstremistlər” adlandıraraq aksiyaları tənqid edib.

Serbiya mediası Vuçiçin mümkün istefa açıqlamasını ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirir. Bununla belə, prezident konkret tarix açıqlamayıb və istefanın qəti qərar olduğunu deməyib. Buna görə də məsələ hələlik siyasi ehtimal və erkən seçki ssenarisi kimi dəyərləndirilir.