ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun İran xalqına birgə müraciət edərək küçələrə çıxmaq və rejimə qarşı ayaqlanmaq çağırışı ilə bağlı təklifini rədd edib. “Axios” yazır ki, Tramp belə bir addımın iranlı etirazçıların “qırğına verilə biləcəyi” riski yaratdığını düşünərək bu təşəbbüsü dəstəkləməyib.
Nəşrin yüksək rütbəli amerikalı rəsmilər və bir israilli mənbəyə istinadən verdiyi məlumata görə, Netanyahu ötən həftə Vaşinqtona İran rejiminin “xaos vəziyyətində” olduğunu bildirib və bunu daha da dərinləşdirmək üçün birgə siyasi çağırışın vaxtının çatdığını iddia edib. Lakin Tramp bu ideyaya qarşı çıxaraq, küçələrə çağırılan insanların sərt şəkildə yatırılmasının mümkün olduğunu deyib. Axios onun Netanyahuya bu məzmunda “niyə insanlara küçələrə çıxmağı deyək ki, onsuz da onları amansızcasına əzə bilərlər” mövqeyi sərgilədiyini yazıb.
Məlumata əsasən, Vaşinqton və Təl-Əviv İranla bağlı hərbi məqsədlərin böyük hissəsində ortaq mövqedə olsalar da, rejim dəyişikliyi məsələsində yanaşmaları tam üst-üstə düşmür. “Axios” qeyd edir ki, əsas fikir ayrılığı bu məqsədə çatmaq üçün nə qədər xaos və qan tökülməsinin qəbul edilə biləcəyi ilə bağlıdır.
Portalın yazdığına görə, tərəflər vəziyyəti yenidən qiymətləndirmək üçün İran təqvimində kütləvi xalq şənlikləri ilə tanınan Çaharşənbə-Suri ərəfəsini də nəzərdən keçiriblər. Lakin gözlənilən genişmiqyaslı küçə etirazları baş verməyib. Bunun ardınca ABŞ və İsrail rəsmilərinin İran cəmiyyətinin hazırkı mərhələdə açıq üsyana çıxmaq üçün hələ də ciddi qorxu altında olduğu qənaətinə gəldiyi bildirilir.
Bu məlumatlar İsrail və ABŞ arasında İran məsələsində sıx koordinasiyanın davam etdiyini göstərsə də, Tramp administrasiyasının ən azı açıq şəkildə kütləvi xalq üsyanını təşviq etməkdən çəkinməsi diqqət çəkir. Daha əvvəl Tramp İranla bağlı “qeydsiz-şərtsiz təslim” tələbini də səsləndirmişdi, bu isə Vaşinqtonun ritorikasında sərt xəttin hələ də qorunduğunu göstərir.