Trampın Ukrayna üzrə “sülh planı” yayıldı

Ukrayna və Rusiya mediasında Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə gətirdiyi iddia olunan sülh planının şərtləri yayılıb. Lakin planın bu formada mövcudluğu rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

74

ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə apardığı yeni sülh təkliflərinin mümkün şərtləri sosial şəbəkələrdə və bəzi media resurslarında yayılıb. Lakin Ukrayna, ABŞ və Rusiya rəsmiləri yayılan konkret bəndlərin həqiqiliyini təsdiqləməyiblər.

MSNews.az xəbər verir ki, Uitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, ertəsi gün isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar. “Reuters”-in məlumatına görə, Zelenski ABŞ nümayəndələrinin bir neçə “yaxşı və layiqli ideya” təqdim etdiyini bildirib, lakin onların məzmununu açıqlamaqdan imtina edib.

Sosial şəbəkələrdə yayılan versiyaya görə, plan Ukrayna qüvvələrinin Donbasın müəyyən hissəsindən çıxarılmasını, həmin əraziyə Rusiya qoşunlarının daxil olmamasını və tərəflər arasında BMT kontingentinin nəzarətində bufer zonanın yaradılmasını nəzərdə tutur. Zaporojye vilayətinin bir hissəsində Ukrayna yurisdiksiyası saxlanılmaqla oxşar mexanizmin tətbiq ediləcəyi də iddia olunur.

Bundan başqa, yayılan siyahıda Ukraynada referendum və seçkilərin keçirilməsi, Konstitusiyaya dəyişikliklər edilməsi, Kiyevin müəyyən əraziləri hərbi yolla geri qaytarmaqdan imtinası, ölkənin bloklara qoşulmayan statusunun rəsmiləşdirilməsi və NATO üzvlüyündən imtina etməsi kimi müddəalar yer alır. Yeni hökumətin daha sonra tam sülh müqaviləsi imzalaması və onun BMT-nin iştirakı ilə xüsusi prosedurla ratifikasiya edilməsi də iddialar sırasındadır.

Lakin həmin bəndlərin mənbəyi ilə bağlı ciddi suallar var. Ukraynanın “Glavkom” nəşri eyni məzmunlu siyahının əvvəlcə Rusiya media və “Telegram” kanallarında yayıldığını, onun həqiqiliyinin sübut edilmədiyini qeyd edib. Nəşr vurğulayıb ki, belə bir sənədin ABŞ tərəfindən rəsmi şəkildə Ukraynaya təqdim edildiyinə dair təsdiq yoxdur.

“Associated Press” də danışıqlarda ərazi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyini, lakin konkret planın ictimaiyyətə açıqlanmadığını yazır. Zelenski ərazi ilə bağlı məsələlərin liderlər səviyyəsində həll edilməli olduğunu bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə ABŞ nümayəndələri ilə görüşdə Moskvanın əvvəlki tələblərini, o cümlədən Ukraynanın NATO-ya üzv olmamasını və ərazi məsələsində “reallıqların nəzərə alınmasını” yenidən gündəmə gətirib. “Le Monde” görüşdən sonra konkret razılaşmanın əldə olunmadığını yazır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.