Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ölkəmizə rəsmi səfərə gəlib. İlk öncə, Prezident İlham Əliyev qonağı qarşılayıb, daha sonra tərəflərin təkbətək görüşü olub.
Görüşdən əvvəl dövlətimizin başçısı İlham Əliyev və Antonio Koşta birgə foto çəkdiriblər.
Daha sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, Antonio Koştanın Azərbaycana səfərinə böyük əhəmiyyət verilir və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminlik var.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq hazırda çox fəal mərhələdədir və tərəflər arasında intensiv dialoq aparılır.
Prezident İlham Əliyev qeyd edib ki, enerji tərəfdaşlığı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biridir. O, əlavə edib ki, bərpa olunan enerji sahəsində də böyük potensial mövcuddur və Azərbaycan külək və günəş elektrik stansiyalarının tikintisinə ciddi investisiyalar yatırır.
Antonio Koşta isə çıxışında Avropa İttifaqının İran tərəfindən Naxçıvana pilotsuz uçuş aparatları ilə edilən hücumu pislədiyini bildirib və Azərbaycanla həmrəy olduqlarını qeyd edib.
Aİ Şurasının Prezidenti qlobal qeyri-sabitlik fonunda Azərbaycan ilə əlaqələrin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. O, həmçinin 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsini səbirsizliklə gözlədiklərini bildirib.
Koşta Azərbaycan ilə Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının da müzakirə olunduğunu qeyd edib.
O, Azərbaycanın Ermənistanla sülh gündəliyi istiqamətində atdığı addımları yüksək qiymətləndirərək Avropa İttifaqının bu prosesi dəstəklədiyini bildirib.
Antonio Koşta həmçinin Azərbaycanın İrandan Avropa İttifaqı vətəndaşlarının təxliyəsinə göstərdiyi dəstəyə görə ölkəmizə təşəkkür edib.
Səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən qəhrəmanların xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.







