ABŞ prezidenti Donald Tramp İranın strateji əhəmiyyətə malik Hörmüz boğazı ətrafında dəniz minaları yerləşdirdiyinə dair iddialardan sonra Tehrana sərt xəbərdarlıq edib. ABŞ lideri bildirib ki, əgər belə minalar həqiqətən yerləşdirilibsə və dərhal götürülməzsə, İran “indiyədək görülməmiş hərbi nəticələrlə” üzləşə bilər.

Tramp sosial şəbəkə platforması “Truth Social”-da etdiyi paylaşımda qeyd edib ki, Vaşinqtonun bu iddiaları təsdiqləyən qəti məlumatı hələ yoxdur, lakin ehtiyat tədbiri olaraq İranın mümkün minaları dərhal aradan qaldırmasını tələb edir. Onun sözlərinə görə, əgər minalar mövcuddursa və tez bir zamanda götürülməzsə, ABŞ buna çox sərt hərbi reaksiya verəcək.
ABŞ prezidenti eyni zamanda bildirib ki, Amerika hərbçiləri artıq İranın mina yerləşdirmə fəaliyyətində istifadə olunduğu iddia edilən 10 gəmini məhv edib. Tramp vurğulayıb ki, Hörmüz boğazını minalamağa cəhd edən istənilən gəmi və ya qayıq ABŞ-nin raket və digər hərbi texnologiyaları ilə dərhal zərərsizləşdiriləcək.

İddialara görə, İran son günlər ABŞ və İsrailin hücumlarına cavab olaraq boğazın müəyyən hissələrinə bir neçə onlarla dəniz minası yerləşdirə bilər. Bu məlumatlar regionda gərginliyi artırıb və enerji bazarlarında narahatlıq yaradıb.
Qeyd olunur ki, qlobal gündəlik neft tədarükünün təxminən 20 faizi Hörmüz boğazından keçir. Buna görə də bölgədə mümkün hərbi eskalasiya beynəlxalq enerji bazarına ciddi təsir göstərə və neft qiymətlərinin kəskin artmasına səbəb ola bilər.
Ağ Evin sözçüsü Kerolayn Livitt isə bildirib ki, ABŞ donanmasının hazırda tanker gəmilərinə müşayiət etməsi barədə qərar verilməyib, lakin bu variant hələ də nəzərdən keçirilir.