ABŞ Prezidenti Donald Tramp İranla ilk dolayı görüşməni “çox yaxşı” kimi qiymətləndirib və Tehran tərəfinin yeni razılaşma istəyi göstərdiyini vurğulayıb.
ABŞ lideri, Maskatda İranla keçirilən görüşlərdən məmnunluğunu bildirərək, bu addımın tərəflər arasında diplomatik əlaqələrin inkişafına yönəlik mühüm başlanğıc olduğunu bildirib. Tramp deyib ki, İran tərəfi razılaşma istədiyini güclü şəkildə nümayiş etdirib və bu, proses üçün ümidvericidir.
Tramp Florida səfərinə gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandıraraq, “Bu gün Rusiya və Ukrayna ilə çox yaxşı görüşlər keçirdik, eyni şəkildə İranla da çox yaxşı görüşlər oldu. İran razılaşma istəyir və bunu çox istədikləri görünür,” deyə bildirib.
O, İranla bağlı böyük bir donanmanın regiona göndərildiyini xatırladaraq, “Tezliklə orada olacaq. Görəcəyik nə ilə nəticələnəcək,” deyə bir daha vurğulayıb. Tramp İranla diplomatik əlaqələrə önəm verdiyini, lakin vəziyyətin ciddi olduğunu da diqqətə çatdırıb.
Tramp həmçinin ABŞ tərəfdən xüsusi nümayəndə Stiv Uitkoff və kürəkəni Cared Kuşnerdən ibarət nümayəndə heyətinin İran xarici işlər naziri Abbas Araqçi ilə görüşdüyünü qeyd edib və “Əgər razılaşma olmazsa nəticələr çox sərt olacaq” deyə xəbərdarlıq edib.
Tramp həmçinin İranın nüvə silahından imtina etməli olduğunu vurğulayıb və danışıqlardan nəticə gözlədiyini bildirib. O, tərəflərin yenidən növbəti həftə görüşəcəklərini də əlavə edib.
İran və ABŞ arasında bu danışıqlar Omanın vasitəçiliyi ilə baş tutub və ilkin məlumatlara görə, görüş “çox yaxşı başlanğıc” kimi qiymətləndirilib.