Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev media, sosial tədqiqatlar, multikulturalizm və beynəlxalq münasibətlərin təhlili sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sosial Tədqiqatlar Mərkəzi”nin ona qoşulması yolu ilə yenidən təşkil edilir. Nəticədə Agentliyin səlahiyyət dairəsi genişləndirilir və qurum media sektorunun inkişafının dəstəklənməsi ilə yanaşı, ictimai rəyin öyrənilməsi, sosial tədqiqatların aparılması və analitik nəticələrin dövlət orqanlarına təqdim olunması funksiyalarını da icra edəcək.
Eyni zamanda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən formalaşdırılır. Yeni Mərkəz beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə fundamental araşdırmalar aparacaq, Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdıracaq və multikulturalizm modelinin təşviqini həyata keçirəcək.
Fərmana əsasən, ləğv olunan qurumların hüquq və öhdəlikləri, həmçinin əmlakı müvafiq olaraq yenidən təşkil edilən Agentlik və Mərkəzə keçir.
Agentliyin və Mərkəzin təsisçi səlahiyyətlərinin əsas hissəsi Azərbaycan Respublikasının Prezidentinə həvalə olunur. Nazirlər Kabinetinə isə yeni nizamnamələrin hazırlanması və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Maliyyə Nazirliyi qurumların struktur və əməkhaqqı sistemləri üzrə maliyyə ekspertizası aparacaq.
Fərman idarəetmənin optimallaşdırılması, analitik potensialın gücləndirilməsi və media ilə ictimai-siyasi proseslərin sistemli təhlilinin təmin olunmasına yönəlib.