Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bir sıra prezident fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşdirilən və qrant vermək səlahiyyəti olan bütün qurumların, o cümlədən Gənclər Fondu, KOBİA və Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarını maliyyələşdirməsi “bir pəncərə” prinsipi əsasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçiriləcək.
Bu məqsədlə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi yaradılacaq. Sözügedən sistem QHT-lərin maliyyələşdirilməsi sahəsində əlaqələndirməni təmin edəcək, sistemin sahibi və operatoru isə QHT-lərə Dövlət Dəstəyi Agentliyi olacaq.
Nazirlər Kabinetinə altı ay müddətində QHT-lərin fəaliyyəti ilə bağlı normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, həmçinin yeni informasiya sisteminin əsasnaməsini təqdim etmək tapşırılıb. QHT-lərin “bir pəncərə” prinsipi ilə maliyyələşdirilmə qaydası isə üç ay ərzində təsdiqlənməlidir.
Fərmanla Agentliyin idarəetmə mexanizmlərində də mühüm dəyişikliklər edilib. Belə ki, İcraçı direktor institutu ləğv olunaraq Agentliyin idarə olunması 3 nəfərdən ibarət İdarə Heyətinə həvalə edilib. İdarə Heyətinin sədri və müavinlərinin səlahiyyətləri genişləndirilib, struktur və maliyyə idarəçiliyi yenidən tənzimlənib.
Bundan əlavə, Agentliyin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi, QHT-lərin dayanıqlı inkişafının təşviqi, dövlət–özəl–vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi kimi müddəalar da Fərmanda öz əksini tapıb.
Sənədlə həmçinin əvvəlki illərdə qəbul edilmiş bir sıra prezident fərman və sərəncamlarında terminoloji və struktur dəyişiklikləri aparılıb, bəzi müddəalar ləğv edilib.
Qeyd edək ki, bu Fərman qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəffaflığın, mərkəzləşdirilmiş idarəetmənin və koordinasiyanın gücləndirilməsinə xidmət edir.