İlham Əliyev Ərəb Parlamentinin prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, görüşdə sülh gündəliyi, İslam həmrəyliyi və Azərbaycan-ərəb əlaqələri müzakirə olunub.

65

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla ərəb dünyasını təmsil edən ölkələr arasında siyasi, iqtisadi və digər sahələri əhatə edən əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin mühüm rol oynadığı qeyd edilib.

Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxunaraq, Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında formalaşmış yüksək səviyyəli əməkdaşlıqdan danışıb və Ərəb Parlamentinin prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini ifadə edib.

Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunan nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, regionda və qlobal miqyasda sülhün təmin olunmasında dövlətimizin başçısının xüsusi rolunu vurğulayıb və müasir dünyanın belə liderlərə ehtiyac duyduğunu qeyd edib.

Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə təşəkkür edərək, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib, bu prosesdə ABŞ Prezidentinin xüsusi roluna diqqət çəkib.

Görüş zamanı qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə dövlətimizin başçısına ərəb xalqı adından təşəkkürünü ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini daim dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, eləcə də Azərbaycanın Sülh Şurasına dəvət olunmasını məmnunluqla xatırladıb və ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Söhbət zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxunulub. Dövlətimizin başçısı 30 ilə yaxın davam etmiş işğal dövründə Ermənistan tərəfindən maddi-mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin və məscidlərin dağıdıldığını bildirib, hazırda həmin abidələrin bərpa edildiyini qeyd edib.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.