ABŞ və Rusiya arasında “New START” nüvə sazişinin müddəti uzadılır

"Axios"-un məlumatına görə, ABŞ və Rusiya strateji nüvə silahlarını məhdudlaşdıran "New START" sazişinin müddətinin uzadılması barədə razılığa gəlib. Razılaşma hələ liderlərin təsdiqini gözləyir.

88

ABŞ və Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan “Yeni Strateji Silahların Azaldılması Müqaviləsi”nin (New START) müddətinin uzadıldığı iddia olunur. Bu barədə ABŞ mərkəzli “Axios” xəbər platforması məlumat yayıb.

Məlumata görə, Vaşinqton və Moskva daha əvvəl bir il müddətinə uzadılmış və bu gün qüvvədən düşən “New START” sazişinin davam etdirilməsi barədə razılıq əldə ediblər. “Axios”-a danışan üç mənbədən ikisi bildirir ki, tərəflər saziş üzrə ilkin layihə planı üzərində razılığa gəlsələr də, sənədin qüvvəyə minməsi üçün hələ hər iki ölkə liderinin rəsmi təsdiqi tələb olunur. Üçüncü mənbə isə son 24 saat ərzində Əbu-Dabidə danışıqlar aparıldığını, lakin hələlik yekun razılaşmanın əldə olunmadığını iddia edib.

Məlumat verən rəsmi şəxslərdən biri qeyd edib ki, tərəflər “Rusiya ilə xoş niyyət çərçivəsində hərəkət etmək və mövcud mexanizmin necə yenilənə biləcəyi barədə danışıqlara başlamaq” mövzusunda razılaşıblar. Digər mənbənin sözlərinə görə isə, razılaşmanın praktiki nəticəsi ondan ibarətdir ki, hər iki tərəf ən azı altı ay ərzində sazişin şərtlərinə riayət etməyi qəbul edəcək və bu müddət ərzində potensial yeni bir nüvə razılaşması üzərində müzakirələr aparılacaq.

“Axios”-un xəbərində “New START” sazişi ilə bağlı danışıqların çərşənbə gecəsi gec saatlara qədər davam etdiyi də vurğulanır.

“New START” sazişi ABŞ-ın Sovet İttifaqı ilə 1991-ci ildə, Rusiya Federasiyası ilə isə 1993-cü ildə imzaladığı “START-1″ və “START-2” müqavilələrinin davamı kimi qiymətləndirilir. Saziş 2010-cu ildə imzalanıb və ABŞ ilə Rusiya arasında qüvvədə olan son nüvə silahlarına nəzarət razılaşması hesab olunur. Müqavilə uzun mənzilli nüvə döyüş başlıqlarının və onları daşıyan raketlərin sayına ciddi məhdudiyyətlər qoyur.

Rusiya ötən il müddəti bitən saziş üzrə öhdəliklərinə daha bir il əməl edəcəyini açıqlamışdı. Həmin əlavə müddət də bu gün başa çatıb.

Stockholm International Peace Research Institute” (SIPRI) məlumatlarına əsasən, 2025-ci il etibarilə Rusiya təxminən 5459, ABŞ isə 5177 nüvə döyüş başlığına malikdir. Bu göstəricilərlə hər iki ölkə dünyada ən çox nüvə silahına sahib dövlətlər olaraq qalır. Çinin nüvə döyüş başlıqlarının sayının isə 600-dən bir qədər çox olduğu təxmin edilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026