Argentinada 350 min dollara vətəndaşlıq almaq olar

Argentina investisiya müqabilində vətəndaşlıq proqramına başlayır. Xarici investorlar 350 min dollarlıq birdəfəlik ödəniş və ya 800 min dollarlıq dövlət istiqrazı vasitəsilə vətəndaşlıq üçün müraciət edə biləcəklər.

68

Argentina Cənubi Amerikada investisiya müqabilində vətəndaşlıq proqramını işə salan ilk ölkə olmağa hazırlaşır. Proqrama əsasən, xarici investorlar 350 min dollar geri qaytarılmayan ödəniş etməklə və ya 800 min dollar dəyərində xüsusi dövlət istiqrazı almaqla Argentina vətəndaşlığı üçün müraciət edə biləcəklər.

MSNews.az xəbər verir ki, “Reuters” məlumatına görə, proqram 2026-cı ilin dördüncü rübündə rəsmi şəkildə müraciət qəbul etməyə başlayacaq. Argentina hökuməti təşəbbüsü ölkəyə xarici kapital cəlb etmək və investisiya mühitini yaxşılaşdırmaq məqsədi ilə izah edir.

Argentina İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, əsas ərizəçi üçün iki seçim nəzərdə tutulur: dövlət xəzinəsinə 350 min dollar geri qaytarılmayan ödəniş və ya proqram üçün yaradılacaq 800 min dollar məbləğində dövlət istiqrazına investisiya.

Proqram ailə üzvlərinə də şamil oluna bilər, lakin bunun üçün ayrıca ödəniş tələb olunur. Əsas ərizəçinin həyat yoldaşı və 18–25 yaş arasında subay, övladı olmayan uşaqları üçün hər biri üzrə 100 min dollar, 18 yaşdan kiçik uşaqlar üçün isə 25 min dollar ödəniş nəzərdə tutulub. Məsələn, ər-arvad və iki azyaşlı uşaqdan ibarət ailə ümumilikdə 500 min dollar ödəməklə müraciət edə biləcək.

Argentina hökuməti bildirir ki, bütün vəsaitlər rəsmi maliyyə sistemi vasitəsilə köçürüləcək və müraciət edənlər çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və milli təhlükəsizlik riskləri baxımından yoxlanılacaqlar.

Proqramın hüquqi əsası 2025-ci ildə yaradılıb. Həmin vaxt qanunvericiliyə edilən dəyişikliklə “əhəmiyyətli investisiya” həyata keçirən əcnəbilərə ölkədə nə qədər müddət yaşamalarından asılı olmayaraq vətəndaşlıq üçün müraciət etmək imkanı verilib.

“Reuters” yazır ki, proqram Prezident Xavyer Miley hökumətinin ölkəyə xarici sərmayə və dollar axınını artırmaq istiqamətində həyata keçirdiyi iqtisadi siyasətin bir hissəsidir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.