Almaniya kəşfiyyatına qabaqlayıcı kiberhücum səlahiyyəti verə bilər

Almaniya hökuməti BND və BfV-nin səlahiyyətlərini genişləndirən qanun layihəsini təsdiqləyib. Yeni qaydalar xaricdəki dron zavodlarının və haker infrastrukturlarının kiberüsullarla sıradan çıxarılmasına imkan verə bilər.

52

Almaniya hökuməti ölkənin kəşfiyyat xidmətlərinə xaricdən gələn təhlükələrə qarşı daha fəal müdaxilə imkanları verən genişmiqyaslı islahat layihəsini təsdiqləyib. Yeni səlahiyyətlər müəyyən hallarda xaricdəki dron zavodlarının və dövlətə bağlı haker şəbəkələrinin İT sistemlərinə müdaxiləni də əhatə edə bilər.

MSNews.az xəbər verir ki, Bundestaqın kəşfiyyat xidmətlərinə parlament nəzarəti komitəsinin sədri Mark Henrixmann bundan əvvəl “Welt” telekanalına müsahibəsində Almaniya xüsusi xidmətlərinin Rusiyadan qaynaqlanan təhlükələrə qarşı qabaqlayıcı kiberəməliyyatlar həyata keçirə bilməli olduğunu bildirmişdi.

Henrixmann buna nümunə olaraq Rusiyada yerləşən hücum dronu və ya onun istehsal olunduğu zavodun Almaniyaya qarşı istifadə edilməzdən əvvəl kiberüsullarla sıradan çıxarılmasını göstərib. Onun sözlərinə görə, gələcəkdə xüsusi xidmətlərin yalnız məlumat toplaması kifayət etməyəcək.

Müzakirələr fonunda Almaniya Nazirlər Kabineti avqustun 12-də BND və Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin — BfV-nin səlahiyyətlərini genişləndirən qanun layihəsini təsdiqləyib. Almaniya hökumətinin rəsmi məlumatına görə, BND xüsusi təhlükə şəraitində dron zavodlarının İT sistemlərinə məqsədli şəkildə daxil olaraq istehsala mane olmaq, dövlətə bağlı haker qruplarının serverlərini söndürmək və ya istifadəyə yararsız hala gətirmək kimi “aktiv tədbirlər” həyata keçirə biləcək.

“Reuters” bildirir ki, dəyişikliklər Almaniyanın son dövrdə üzləşdiyi kiberhücum, sabotaj və digər hibrid təhlükələrlə əsaslandırılır. Almaniya rəsmiləri xüsusilə xarici dövlət strukturlarının fəaliyyətinin ölkənin təhlükəsizlik sisteminə yeni yanaşma tələb etdiyini bildirirlər.

İslahat Leypsiq/Halle hava limanında partlayıcı daşıdığı bildirilən pilotsuz aparatın aşkarlanmasından sonra sürətlənib. ABŞ kəşfiyyatının hadisənin arxasında Rusiyanın ola biləcəyini qiymətləndirdiyi bildirilsə də, Almaniya hökuməti Moskvanı rəsmən məsul elan etməyib. Rusiya isə ittihamları rədd edir.

Yeni səlahiyyətlər Almaniyada tənqidlər də doğurub. “Associated Press”“The Guardian” yazır ki, hüquq müdafiəçiləri və bəzi siyasi qüvvələr daha geniş rəqəmsal izləmə və müdaxilə imkanlarının şəxsi həyatın toxunulmazlığı və hüquqi nəzarətlə bağlı risklər yaradacağından ehtiyat edirlər. Hökumət isə daha sərt tədbirlərin Müstəqil Nəzarət Şurasının nəzarəti altında həyata keçiriləcəyini bildirir.

Qanun layihəsinin qüvvəyə minməsi üçün Bundestaqın təsdiqi tələb olunur. Buna görə Almaniya xüsusi xidmətlərinin Rusiyadakı obyektlərə artıq kiberhücum həyata keçirmək səlahiyyəti əldə etdiyini söyləmək hələ tezdir.