İranın sabiq prezidenti Ruhani ölkədə böyük islahatlara çağırdı

İranın sabiq prezidenti Həsən Ruhani son etirazlar fonunda hakimiyyəti böyük islahatlarla xalqa cavab verməyə və diplomatik yanaşmanı gücləndirməyə çağırıb.

71

İranın sabiq prezidenti Həsən Ruhani ölkədə son dövrlərdə baş verən ictimai hadisələrə toxunaraq hakimiyyətə “böyük islahatlarla xalqa cavab vermək” çağırışı edib.

“Entekhab” xəbər saytının məlumatına görə, Ruhani 11-ci və 12-ci hökumət dövrlərində vəzifə tutmuş sabiq nazirlərlə keçirilən görüşdə çıxış edib. O, bildirib ki, xalq verdiyi mesajın eşidildiyini hiss etməlidir və əsas hədəf vətəndaşların məmnunluğunun təmin edilməsi olmalıdır.

Ruhani çıxışı zamanı qeyd edib ki, etiraz aksiyalarına qatılan, bəzən zorakılıq hallarında da iştirak edən insanlar hakimiyyətə eyni mesajı veriblər: yanlış idarəetmə praktikalarına etiraz etmək legitimdir və eyni zamanda xarici güclərin İranın daxili işlərinə müdaxiləsinə qarşı mövqe qorunacaq.

Sabiq prezident İsrail ilə yaşanan 12 günlük qarşıdurma dövründə də İran xalqının xarici müdaxilələrə imkan vermədiyini xatırladaraq, küçədə səslənən fikirlərin diqqətlə dinlənilməsinin vacibliyini vurğulayıb.

Ruhani bildirib ki, İslam İnqilabından 47 il keçməsinə baxmayaraq, bir iranlının xarici güclərin müdaxiləsini dəstəkləməsi ölkə üçün ciddi siqnaldır. Onun sözlərinə görə, bu vəziyyət cəmiyyətdə, media məkanında və təhsil sistemində problemlərin mövcudluğundan xəbər verir.

Həsən Ruhani əlavə edib ki, məqsəd yalnız xalqı sakitləşdirmək deyil, İranı gücləndirmək olmalıdır. O, hərbi güclənmənin zaman tələb etdiyini, lakin xalqın iradəsinə hörmət göstərməyin dərhal mümkün olduğunu qeyd edib.

Diplomatiya məsələsinə də toxunan Ruhani bildirib ki, onun prezidentliyi dövründə diplomatik imkanlar süni şəkildə məhdudlaşdırılıb. O vurğulayıb ki, məsələ ABŞ ilə münasibət qurmaq deyil, mövcud düşmənçiliyi düzgün idarə etməkdir və gərginliyi azaltma yollarının mövcudluğu inkar edilməməlidir.

Ruhani həmçinin xatırladıb ki, İran 2019-cu ildə ABŞ-a məxsus “Global Hawk” pilotsuz uçuş aparatının vurulması və Səudiyyə Ərəbistanının “Aramco” neft obyektlərinə edilən hücumlardan sonra bir neçə dəfə müharibə həddinə gəlib. Onun sözlərinə görə, bu təhlükələr İranın qətiyyətli mövqeyi və diplomatik səyləri nəticəsində dəf edilib.

Sabiq prezident çıxışını belə yekunlaşdırıb: məsələ yalnız nüvə obyektlərinin hədəf alınması deyil, bu cür addımların atılmasının mümkün hala gəlməsidir və məhz bu məqam ciddi şəkildə müzakirə olunmalıdır.