İslamabadda ABŞ–İran təması üçün yeni cəhd: Tehran birbaşa görüşü hələ inkar edir

"Axios" Pakistan rəsmisinə istinadla İslamabadda Abbas Araqçi ilə danışıqlardan sonra ABŞ ilə üçtərəfli görüş ehtimalının qiymətləndiriləcəyini yazıb. "Reuters" isə Ağ Evin yeni diplomatik cəhdi təsdiqlədiyini, amma Tehranın birbaşa təmasları hələ rədd etdiyini bildirir.

9

Pakistanlı rəsminin “Axios” nəşrinə verdiyi məlumata görə, İslamabadda İranın xarici işlər naziri Abbas Araqçi ilə aparılan danışıqların əsas məqsədi Tramp administrasiyası ilə diplomatik prosesin yenidən canlandırılması olacaq.

“Axios” yazır ki, bu müzakirələrdən sonra ABŞ ilə mümkün üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyi ayrıca dəyərləndiriləcək. Nəşrin məlumatına əsasən, ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun Pakistan vasitəçiləri ilə ikitərəfli görüşlərindən sonra yeni formatın mümkünlüyünə baxılması nəzərdə tutulur.

Bu məlumat qısa müddət sonra Vaşinqton tərəfindən qismən təsdiqlənib. “Reuters” yazır ki, Ağ Evin sözçüsü Kerolayn Levitt Stiv Uitkoff və Cared Kuşnerin Pakistana yollanacağını, məqsədin isə İranla danışıqları yenidən hərəkətə gətirmək olduğunu bildirib. Abbas Araqçinin də İslamabada gedərək ABŞ ilə sülh danışıqlarının bərpası imkanlarını müzakirə etməsi gözlənilir.

Ancaq Tehran eyni xətti təsdiqləmir. Araqçi İslamabadda çıxışında İranın Vaşinqtonun “maksimalist tələblərini” qəbul etməyəcəyini deyib və ABŞ nümayəndələri ilə birbaşa danışıqları rədd edib.