UEFA Çempionlar Liqası: “Qarabağ” 1/16 finalda “Nyukasl” ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib. “Qarabağ” FK 1/16 finalda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.

137

Artıq xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan çempionu “Qarabağ” Futbol Klubunun da növbəti mərhələdəki rəqibi bəlli olub.

Ağdam təmsilçisi Çempionlar Liqasının 1/16 final mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq. İki oyundan ibarət olacaq bu mərhələnin ilk qarşılaşmaları 17–18 fevral, cavab görüşləri isə 24–25 fevral tarixlərində keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” FK (22-ci yer) və Fransanın “Monako” komandası (21-ci yer) püşkatmada “səpələnməmişlər” səbətində yer almışdı. Püşkatma qaydalarına əsasən, bu komandalar “səpələnmişlər” səbətində qərarlaşan Fransanın “PSJ” (11) və İngiltərənin “Nyukasl” (12) klublarından biri ilə üz-üzə gəlməli idi.

Məlumat üçün bildirək ki, “səpələnmişlər” səbətində “Real Madrid” (İspaniya), “İnter” (İtaliya), “PSJ” (Fransa), “Nyukasl” (İngiltərə), “Yuventus” (İtaliya), “Atletiko Madrid” (İspaniya), “Atalanta” (İtaliya) və “Bayer Leverkuzen” (Almaniya) komandaları yer alıb.

“Səpələnməmişlər” səbətində isə “Borussiya Dortmund” (Almaniya), “Olimpiakos” (Yunanıstan), “Brügge” (Belçika), “Qalatasaray” (Türkiyə), “Monako” (Fransa), “Qarabağ” (Azərbaycan), “Bodo/Qlimt” (Norveç) və “Benfika” (Portuqaliya) komandaları qərarlaşıb.

Qeyd edək ki, bundan sonrakı mərhələdə – 1/8 finalda 1/16 finalın qalibləri püşkatma yolu ilə liqa mərhələsini ilk 8-likdə başa vurmuş komandalarla qarşılaşacaqlar. Əgər “Qarabağ” FK 1/16 final mərhələsini adlamağı bacararsa, növbəti raundda onun mümkün rəqibləri İspaniyanın “Barselona” və ya İngiltərənin “Çelsi” klubu olacaq.

Püşkatmanın nəticələri belədir:

Borussiya Dortmund – Atalanta

Olimpiakos – Bayer Leverkuzen

Qalatasaray – Yuventus

Atletiko Madrid – Brügge

PSJ – Monako

Qarabağ – Nyukasl

Real Madrid – Benfika

Bodo/Qlimt – İnter