ABŞ Kubada hakimiyyət dəyişikliyi planlaşdırır – İDDİA

ABŞ-ın 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmaq üçün hökumət daxilində gizli təmaslar apardığı iddia olunub.

50

ABŞ-ın 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyinə nail olmağı hədəflədiyi və bu məqsədlə Kuba hökuməti daxilində müəyyən fiqurlarla gizli təmaslar qurmağa çalışdığı iddia olunub.

“Wall Street Journal” qəzetinə anonimlik şərti ilə danışan ABŞ rəsmilərinin bildirdiyinə görə, Donald Tramp administrasiyası Havana rəhbərliyini zəiflədəcək və siyasi keçidə zəmin yaradacaq mümkün razılaşma variantlarını araşdırır. Məlumata əsasən, Vaşinqton Kubanın mövcud iqtisadi vəziyyətini “çöküş həddində” qiymətləndirir və xüsusilə Venesuela Prezidenti Nikolas Maduronun dəstəyinin zəifləməsi fonunda Kuba hökumətinin daha həssas duruma düşdüyünü düşünür.

ABŞ-li rəsmilər hazırda Kuba hakimiyyətini birbaşa devirməyə yönəlmiş konkret və açıq planın olmadığını bildiriblər, lakin Maduronun tutulmasından sonra regionda baş verən proseslərin Kuba üçün həm nümunə, həm də açıq xəbərdarlıq xarakteri daşıdığını qeyd ediblər.

İddiaya görə, Tramp administrasiyası Mayami və Vaşinqtonda yaşayan kubalı mühacirlər, həmçinin müxtəlif vətəndaş cəmiyyəti qrupları ilə apardığı görüşlərdə Kuba rəhbərliyi daxilində kompromisə meylli və əməkdaşlığa açıq fiqurları müəyyən etməyə çalışır.

Bununla yanaşı, Vaşinqtonun Kubanın enerji təhlükəsizliyini hədəf alaraq, ölkənin əsas neft təchizat kanallarını məhdudlaşdırmaq yolu ilə Havana rəhbərliyini daha da zəiflətmək niyyətində olduğu irəli sürülür. ABŞ Prezidenti Donald Tramp 11 yanvar tarixində sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Venesueladan Kubaya “nə neftin, nə də pulun gedəcəyini” bildirmiş və Havana rəhbərliyini “gec olmadan razılaşmaya getməyə” çağırmışdı.

Analitiklərin fikrincə, bu açıqlama Vaşinqtonun Kubaya qarşı siyasi və iqtisadi təzyiq strategiyasının sərtləşdiyini göstərir və ABŞ regionda rejim dəyişikliyinə yönəlmiş təsir mexanizmlərini yenidən aktivləşdirməyə çalışır. Rəsmi Havana isə bu iddialara hələlik münasibət bildirməyib və ABŞ-ın mövqeyi Kuba tərəfindən ölkənin suverenliyinə açıq müdaxilə kimi qiymətləndirilə bilər.