Tramp ABŞ-a səfər edən Si Cinpini şəxsən qarşıladı

ABŞ Prezidenti Donald Tramp dövlət səfərinə gələn Çin lideri Si Cinpini Vaşinqton yaxınlığındakı Endryus hərbi hava bazasında şəxsən qarşılayıb. Liderlərin görüşündə ticarət və texnologiya sahəsində əməkdaşlığın müzakirəsi nəzərdə tutulur.

10

ABŞ Prezidenti Donald Tramp dövlət səfəri çərçivəsində Vaşinqtona gələn Çin Xalq Respublikasının Sədri Si Cinpini sentyabrın 23-də Endryus hərbi hava bazasında şəxsən qarşılayıb. Qarşılama mərasimində ABŞ-ın birinci xanımı Melaniya Tramp və Çin liderinin həyat yoldaşı Pen Liyuan da iştirak ediblər.

MSNews.az xəbər verir ki, Çin liderinin səfəri Donald Trampın dəvəti əsasında sentyabrın 23–25-də həyata keçirilir. “Reuters”in məlumatına görə, səfər iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin müzakirəsinə həsr olunub.

“Euronews ”un məlumatına görə, hava bazasında keçirilən mərasimdə Çin lideri qırmızı xalı ilə qarşılanıb, hər iki ölkənin dövlət himnləri səsləndirilib və 21 yaylım atəşi açılıb. Mərasim hərbi təyyarələrin nümayiş uçuşu ilə müşayiət olunub.

Çinin rəsmi məlumatına əsasən, Tramp Si Cinpinin Vaşinqtona səfərindən məmnunluğunu ifadə edərək iki ölkə arasındakı münasibətlərin inkişafı istiqamətində ətraflı fikir mübadiləsi aparmağı gözlədiyini bildirib.

Səfər çərçivəsində liderlərin ticarət münasibətləri, nadir torpaq elementlərinin tədarükü və süni intellekt texnologiyaları sahəsində rəqabət də daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Si Cinpinin ABŞ-a səfəri iki ölkə arasında ticarət və texnologiya sahəsində fikir ayrılıqlarının davam etdiyi dövrə təsadüf edir.