Avstraliyanın ən perspektivli gənc basketbolçularından biri hesab edilən 18 yaşlı Conkuç Maç qeyri-adi fiziki göstəriciləri ilə ABŞ universitetlərinin və peşəkar skautların diqqətini çəkib.
MSNews.az xəbər verir ki, “Basketball Australia“-nın rəsmi profilində oyunçunun boyu 2,29 metr göstərilir. 8 oktyabr 2007-ci ildə anadan olan Cənubi Sudan əsilli avstraliyalı mərkəz oyunçusu ölkənin Basketbol üzrə Mükəmməllik Mərkəzində inkişaf proqramı keçib.
“Basketball.com.au” Maçın ölçülərinə baxmayaraq meydançada çevik hərəkət etdiyini və demək olar, tullanmadan topu səbətə vura bildiyini yazıb. Gənc basketbolçu 2026-cı il Avstraliya U-20 çempionatında orta hesabla 7,2 xal, 6,4 ribaund və 1,4 blok göstəricisi ilə çıxış edib. Final matçında isə altı blokla yadda qalıb.
Maçın agenti Solomon Deçin sözlərinə görə, oyunçuya bir neçə ABŞ universitetindən təklif gəlib. LSU ilə ilkin danışıqlar aparılıb, Kolorado, Vaşinqton Steyt, Santa Klara, Cənubi Karolina və UNC Charlotte universitetləri də onunla maraqlanır. Bununla yanaşı, Maçın Avstraliyada qalaraq NBL-in “Next Stars” proqramına qoşulması variantı da nəzərdən keçirilir.
“talkSPORT” basketbolçunun 2,34 metrlik qol açıqlığına malik olduğunu və onun oyun üslubunun fiziki göstəricilərinə görə Viktor Vembanyama ilə müqayisə edildiyini bildirib. Bununla belə, Maçın məşqçisi Robbi Makkinli bu müqayisəyə ehtiyatla yanaşaraq gənc oyunçunun hələ fiziki və texniki baxımdan inkişaf etməli olduğunu vurğulayıb.
Hazırda Maçın boyu NBA tarixinin rekord göstəricisindən təxminən iki santimetr azdır. NBA-nın məlumatında Manute Bol və Qeorqe Mureşan 2,31 metrlə liqa tarixinin ən uzunboylu oyunçuları kimi göstərilir. “Guinness World Records” isə dəqiq ölçməyə əsasən rekordu Mureşana aid edir. Maç hazırkı boyu ilə NBA-ya daxil olarsa, rekordçu deyil, Yao Minq, Şon Bredli və Tako Fall kimi 2,29 metrlik oyunçularla eyni göstəriciyə malik olacaq.
Braziliyanın “ge” nəşri Maçın ailəsinin Cənubi Sudanın dinka xalqına mənsub olduğunu yazıb. Keçmiş NBA oyunçusu Manute Bol da dinka əsilli olub. Lakin Maçın Basketball Australia-dakı rəsmi profilində yalnız onun Cənubi Sudan mənşəli olduğu qeyd edilir.
Bəzi paylaşımlarda NBA klublarının artıq Maçı transfer etmək üçün mübarizəyə başladığı bildirilsə də, bunu təsdiqləyən rəsmi məlumat yoxdur. Hazırda təsdiqlənən əsas fakt ABŞ universitetlərinin marağı, oyunçunun NBA-ya yüksəlmək məqsədi və peşəkar skautların onun inkişafını izləməsidir.