1000 sponsor bir formada: Peru klubundan qeyri-adi kampaniya

Maliyyə böhranı yaşayan “Deportivo Munisipal” formasında 1000 sponsor üçün reklam sahəsi yaradaraq mövsüm xərclərinin bir hissəsini maliyyələşdirib. Klub martda peşəkar liqadan uzaqlaşdırılsa da, kampaniya azarkeş və sahibkarların böyük marağına səbəb olub.

11

Maliyyə problemləri yaşayan Perunun tarixi futbol klublarından “Deportivo Munisipal” formasında 1000 sponsorun loqosunu yerləşdirməklə qeyri-adi maliyyələşdirmə kampaniyası həyata keçirib.

MSNews.az xəbər verir ki, “Muninin min sponsoru” adlandırılan layihə 2026-cı ilin yanvarında — klubun “Liga 3”dən uzaqlaşdırılmasından əvvəl başladılıb. Kampaniyanın məqsədi komandanın mövsümdə iştirakını, qadın futbolunu və aşağı yaş qruplarını maliyyələşdirmək olub.

Yerli şirkətlər, ailə biznesləri, kiçik sahibkarlar, azarkeşlər və fan-klub üzvləri üç ay ərzində kampaniyaya qoşularaq formadakı 1000 reklam sahəsinin hamısını doldurublar. Perunun “El Comercio” nəşri toplanan vəsaitin mövsümün əsas xərclərinin qarşılanmasına kömək etdiyini yazıb.

Sosial şəbəkələrdə hər reklam sahəsinin 200 Peru solu — təxminən 60 dollar — qarşılığında satıldığı bildirilir. Lakin kampaniyanın rəsmi platformasındakı məlumat bu qiymətin bütün sahələr üçün eyni olmadığını göstərir. Reklam paketləri ölçüsündən asılı olaraq 100, 200, 300, 400 və 600 sol arasında dəyişib. Buna görə bütün 1000 sahənin məhz 200 sola satılması barədə məlumat dəqiq deyil.

“Deportivo Munisipal” martda futbolçuların həmkarlar təşkilatı və Peru Futbol Federasiyası qarşısındakı ödənilməmiş borclar səbəbindən “Liga 3”dən çıxarılıb. Perunun “Infobae” nəşrinin məlumatına görə, klubun peşəkar liqadakı yeri ləğv edilib və komanda həvəskar xarakterli “Copa Peru” turnirində mübarizə aparmağa məcbur olub.

Komanda toplanan vəsaitin köməyi ilə “Copa Peru”da iştirak etsə də, iyulun sonunda turnirdən kənarlaşdırılıb. “Deportivo Munisipal” “Sport Umaya” ilə cavab oyununda 2:2 hesablı heç-heçə etdikdən sonra penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub. Beləliklə, klubun 2026-cı ildə peşəkar futbola qayıtmaq ümidi baş tutmayıb.

Bununla belə, 1000 sponsorun loqosunu bir formada birləşdirən kampaniya maliyyə böhranı yaşayan futbol klubları üçün kollektiv maliyyələşdirmənin qeyri-adi nümunəsinə çevrilib. Klub rəhbərliyinin uzunmüddətli məqsədi komandanı yenidən Peru futbolunun yüksək divizionlarına qaytarmaqdır.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31