Zelenski Drapatını Ukrayna ordusunun yeni baş komandanı təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Mixail Drapatının Silahlı Qüvvələrin yeni baş komandanı olacağını açıqlayıb. Aleksandr Sırskinin səlahiyyətlərini təhvil verməsi və Baş Qərargahın strukturunun yenilənməsi nəzərdə tutulur.

9

Ukrayna Prezidenti Volodimir Zelenski Mixail Drapatının ölkə Silahlı Qüvvələrinin yeni baş komandanı olacağını açıqlayıb.

MSNews.az xəbər verir ki, Zelenski iyulun 21-də yayımladığı videomüraciətdə Drapatı ilə ordunun qarşıdakı dövr üçün əsas vəzifələrini və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında nəzərdə tutulan dəyişiklikləri müzakirə etdiyini bildirib. Prezident bütün qərarların iyulun 22-də rəsmiləşdiriləcəyini qeyd edib.

Drapatı indiyədək Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinə komandanlıq edib. “Reuters” onun Aleksandr Sırskini əvəz edərək Ukrayna ordusunun yeni baş komandanı olacağını yazıb.

Zelenski Aleksandr Sırskinin Kiyevin müdafiəsində, Xarkov əks-hücumunda və Kursk əməliyyatında göstərdiyi fəaliyyətə görə ona təşəkkür edib. Dövlət başçısı Sırski və Baş Qərargah rəisi Andrey Hnatovla səlahiyyətlərin təhvil verilməsi, eləcə də onların gələcək xidmət formatları barədə danışdığını bildirib.

“Financial Times” Ukrayna rəsmisinə istinadən Sırskinin növbəti gün rəsmən vəzifədən uzaqlaşdırılmasının gözlənildiyini yazıb.

Zelenskinin açıqlamasında Baş Qərargahın strukturunun Mixail Drapatı, müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara və Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa ilə birlikdə yenilənəcəyi bildirilib. Lakin Volodimir Horbatyukun Baş Qərargah rəisi təyin ediləcəyi barədə məlumat rəsmi müraciətdə yer almayıb.

Prezident yeni komandanlıq qarşısında korpus sistemində islahatların davam etdirilməsi, döyüş bölmələrinin silah və pilotsuz uçuş aparatları ilə təminatının yaxşılaşdırılması, hava hücumundan müdafiənin gücləndirilməsi və səfərbərlik prosesinə dair aydın yanaşmanın hazırlanması kimi vəzifələr qoyub.

Zelenski, həmçinin keçmiş müdafiə naziri Mixail Fyodorova dövlətin texnoloji imkanlarını vahid istiqamətdə birləşdirməyə imkan verəcək yeni vəzifə təklif etdiyini açıqlayıb. Lakin həmin vəzifənin rəsmi adı və səlahiyyətləri hələ açıqlanmayıb.

“Associated Press” komandanlıq dəyişikliyinin Kiyev və digər şəhərlərdə Sırskinin vəzifədən uzaqlaşdırılması tələbi ilə keçirilən etirazlardan sonra elan edildiyini bildirib.