Yaponiyada bir çox evli cütlüyün eyni yataqda deyil, ayrı yataqlarda və hətta fərqli otaqlarda yatmağa üstünlük verməsinin səbəbləri diqqət çəkib. Bəzi cəmiyyətlərdə münasibətlərdə soyuqluq əlaməti kimi qiymətləndirilən bu seçim Yaponiyada daha rahat və keyfiyyətli yuxu ilə əlaqələndirilir.
MSNews.az xəbər verir ki, Türkiyənin “Sözcü” nəşrində də gündəmə gətirilən mövzu ilə bağlı Yaponiyada aparılmış sorğular cütlüklərin fərqli yuxu vərdişlərinə malik olduğunu göstərir.
2025-ci ildə 1348 evli şəxsin iştirakı ilə keçirilən araşdırmada respondentlərin 48%-i həyat yoldaşı ilə ayrı yataq otaqlarında yatdığını, 52%-i isə eyni otağı paylaşdığını bildirib. “AMP” nəşrinin yayımladığı nəticələrə görə, bu seçimin əsas səbəbləri arasında xoruldama, fərqli iş qrafikləri və şəxsi rahatlıq dayanır.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam yuxu keyfiyyətidir. Eyni yatağı paylaşan şəxslər bir-birinin hərəkətlərindən, xoruldamasından və ya fərqli saatlarda yatıb-oyanmasından narahat ola bilirlər.
Yaponiyada aparılmış digər sorğunun nəticələrinə əsasən, ayrı otaqlarda yatan şəxslərin 42,6%-i fərqli yuxu saatlarını, 38,1%-i isə xoruldama və diş qıcırdatma kimi problemləri əsas səbəb göstərib. Respondentlərin 27,8%-i şəxsi məkan ehtiyacını, 21,5%-i isə otaq temperaturu ilə bağlı fərqli üstünlükləri qeyd edib.
Ayrı yatmaq qərarına uşaqların dünyaya gəlməsi də təsir göstərə bilir. Bəzi ailələrdə valideynlərdən biri körpə ilə eyni otaqda yatır, digəri isə iş və istirahət rejimini qorumaq üçün başqa otağa keçir.
Bununla belə, ayrı yatmaq ailə münasibətlərinin daha yaxşı olması demək deyil. 2025-ci ildə 165 evli qadın arasında keçirilən başqa bir araşdırmada iştirakçıların 67,1%-i həyat yoldaşı ilə eyni otaqda, 32,9%-i isə ayrı otaqlarda yatdığını bildirib. Ayrı otaqlarda yatanların əksəriyyəti münasibətlərini müsbət qiymətləndirsə də, təxminən 30%-i evliliklərindən narazı olduğunu qeyd edib.