“Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel hakimiyyətə gələcəkləri təqdirdə ölkə sərhədlərini bağlamağı, yaşayış hüququ olmayan şəxslər üçün sosial ödənişləri dayandırmağı və genişmiqyaslı deportasiyalara başlamağı planlaşdırdıqlarını bildirib.
MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə yenidən geniş yayılan görüntülər Vaydelin 2025-ci il yanvarın 11-də Riesa şəhərində keçirilən AfD qurultayındakı çıxışına aiddir. Həmin qurultayda o, partiyanın federal kanslerliyə namizədi seçilmişdi.
“Reuters” Vaydelin çıxış zamanı Almaniya sərhədlərinin bağlanacağını və miqrasiya siyasətində sərt dəyişikliklər ediləcəyini vəd etdiyini təsdiqləyir.
Vaydel həmin çıxışında AfD-nin hakimiyyətə qatılacağı halda ilk 100 gün üçün planının əsas istiqamətlərini belə açıqlamışdı: sərhədlərin tam nəzarətə götürülməsi, sənədsiz və qanunsuz daxil olan şəxslərin geri qaytarılması, sığınacaq axtaranlara pul əvəzinə natura şəklində yardım verilməsi, yaşayış hüququ olmayan şəxslərin sosial ödənişlərinin kəsilməsi və “genişmiqyaslı geri qaytarmaların” həyata keçirilməsi. O, “remiqrasiya” termininin istifadəsini də açıq şəkildə qəbul etmişdi.
Mövzu AfD-nin Saksoniya-Anhalt əyalətində sentyabrın 6-da qazandığı tarixi seçki qələbəsindən sonra yenidən gündəmə gəlib. Partiya səslərin 43,8 faizini toplayaraq birinci olub və 83 yerlik parlamentdə 39 mandat qazanıb.
Vaydel seçkidən dərhal sonra da sərt miqrasiya siyasətindən geri çəkilmədiyini bildirib. “CNN”-in məlumatına görə, o, “remiqrasiyanın” AfD siyasətinin bir hissəsi olduğunu təsdiqləyib və genişmiqyaslı deportasiyaların mümkün qədər tez həyata keçirilməsini dəstəklədiyini deyib.
Saksoniya-Anhaltda AfD-nin əsas namizədi Ulrix Ziqmund da ilk 100 günlük proqramında qanuni yaşayış hüququ olmayan şəxslərin “ilk dəqiqədən deportasiyasını”, deportasiya mərkəzlərinin genişləndirilməsini və sığınacaq axtaranlar üçün məcburi əmək proqramlarını nəzərdə tutur. Bununla yanaşı, o, qanuni yaşayış hüququ olan və işləyən əcnəbilərin bu tədbirlərin hədəfi olmadığını bildirib.