Türkiyə Xarici İşlər Nazirliyi Yəmənin “Ənsar Allah” hərəkatının Səudiyyə Ərəbistanına son hücumlarını qətiyyətlə pisləyərək husiləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
MSNews.az xəbər verir ki, sentyabrın 8-də yayımlanan rəsmi bəyanatda Ankara hücumların dinc əhalinin təhlükəsizliyini təhdid etdiyini və Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olduğunu bildirib.
“Dinc əhalinin təhlükəsizliyinə məhəl qoymayan və regionda gərginliyi artıran husilərin Səudiyyə Ərəbistanına son hücumlarını ən sərt şəkildə pisləyirik”, – nazirliyin bəyanatında deyilir. Ankara eyni zamanda Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.
Türkiyə XİN vurğulayıb ki, hücumlar Yəməndə uzunmüddətli siyasi həll yolu əldə etməyə və münaqişəni diplomatik vasitələrlə sona çatdırmağa yönəlmiş səylərə də zərbə vurur. Bəyanatın sonunda husilər “təcavüzkar fəaliyyətlərini dərhal dayandırmağa” çağırılıb.
Ankaranın reaksiyası husilərin Səudiyyə Ərəbistanının cənubundakı Əbha, Xamis-Muşayt, Cizan və Nəcran istiqamətlərinə raket və PUA hücumlarından sonra gəlib. “Reuters”-in məlumatına görə, Səudiyyə hakimiyyəti hücumlarda qadın və uşaqlar da daxil olmaqla 73 nəfərin yaralandığını, bir sıra enerji obyektlərində yanğın və fəaliyyətin dayanması hallarının qeydə alındığını açıqlayıb.
Husilər hücumları Yəməndə Səudiyyə qüvvələrinin həyata keçirdiyini bildirdikləri hava zərbələrinə cavab kimi təqdim edirlər. Ər-Riyad isə hücumları “təhlükəli eskalasiya” adlandıraraq cavab tədbirləri görəcəyini bildirib.