Tramp İranın kapitulyasiyasını istehza ilə təsvir etdi

Donald Tramp İranın tam təslim olması ssenarisini istehzalı şəkildə təsvir edərək ABŞ mediasını Tehranın xeyrinə qərəzli təqdimat aparmaqda ittiham edib.

ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni bəyanatında Tehranın tam hərbi təslim olması ssenarisini istehzalı şəkildə təsvir edib və Amerika mediasını sərt tənqid edib. Tramp “Truth Social” hesabında yazıb ki, İran bütün hərbi gücünün məhv edildiyini etiraf etsə, ordusu silahları yerə qoyaraq ağ bayraq qaldırsa və rəhbərliyi “kapitulyasiya sənədləri”ni imzalasa belə, bəzi ABŞ media qurumları bunu yenə də İranın “ABŞ üzərində parlaq qələbəsi” kimi təqdim edərdi.

“Iran International” yazır ki, Tramp bu paylaşımda Demokratları və böyük media qurumlarını İran müharibəsinin işıqlandırılmasında qərəzli olmaqda ittiham edib.

Tramp paylaşımında “The New York Times”, “The Wall Street Journal” və CNN-i hədəfə alıb. “The Guardian”ın canlı yayımında sitat gətirilən bəyanata görə, ABŞ prezidenti İranın hipotetik tam təslimiyyətini təsvir etdikdən sonra bu media qurumlarının yenə də Tehranın “ustalıqla və parlaq qələbə qazandığını” yazacağını iddia edib.