ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurası Qəzza zolağının bərpası üçün 2,45 milyard dollarlıq altı aylıq plan təqdim edib. Layihə dağıdılmış infrastrukturun yenidən qurulmasını, müvəqqəti yaşayış yerlərinin yaradılmasını və bölgədə təhlükəsizliyin təmin olunmasını nəzərdə tutur.
MSNews.az xəbər verir ki, plan sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən Sülh Şurasının iclasında açıqlanıb.
“Axios” nəşrinin əldə etdiyi sənədə əsasən, proqram 66 layihəni əhatə edir. Bunlara müvəqqəti yaşayış məntəqələrinin yaradılması, dağıntıların təmizlənməsi, xəstəxanaların təmiri, iqtisadi fəaliyyətin bərpası və çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi daxildir.
İlkin mərhələdə infrastruktur layihələrinə təxminən 1 milyard dollar ayrılması nəzərdə tutulur. Bunun 400 milyon dolları müvəqqəti yaşayış yerlərinin yaradılmasına, 275 milyon dolları dağıntıların və partlamamış sursatların təmizlənməsinə, 50 milyon dolları isə xəstəxanaların bərpasına yönəldiləcək.
Layihə çərçivəsində sərhəd-keçid məntəqələrinin təmiri, elektrik və su təchizatının bərpası, 25 min portativ günəş enerjisi dəstinin quraşdırılması planlaşdırılır. İlkin mərhələdə bərpa ediləcək ərazilərin altında yerləşən tunellərin birdəfəlik bağlanması da nəzərdə tutulur.
Təhlükəsizliklə bağlı layihələrə təxminən 885 milyon dollar ayrılması təklif edilir. Bu vəsait çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə, Fələstin polisinin hazırlığına və müvafiq infrastrukturun yaradılmasına sərf olunacaq.
Bununla belə, altı aylıq bərpa planı üçün tələb olunan 2,45 milyard dollar hələ tam təmin edilməyib. Sülh Şurası və Fələstinin texnokrat hökuməti çatışmayan vəsaiti beynəlxalq donorlardan cəlb etməyi planlaşdırır.
Layihənin həyata keçirilməsi İsrail və HƏMAS arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasından da asılıdır. Tərəflər arasında təhlükəsizlik və atəşkəs razılaşmasının icrası ilə bağlı problemlər Qəzzada genişmiqyaslı bərpa işlərinə başlanmasını ləngidir.