ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Vaşinqtondakı “Washington Hilton” hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik ziyafətində silahlı insidentdən sonra Məxfi Xidmət əməkdaşları tərəfindən təhlükəsiz yerə aparılıb.
“Reuters”-in məlumatına görə, hadisə zamanı silahlı şəxs təhlükəsizlik buraxılış məntəqəsində Məxfi Xidmət əməkdaşlarına atəş açıb və daha sonra saxlanılıb. Prezident və digər yüksək rütbəli rəsmilərin xəsarət almadığı bildirilir.
“Associated Press”-in məlumatına əsasən, insident bal zalının yaxınlığında baş verib. Silahlı şəxs hotelin lobbi hissəsindən tədbirin keçirildiyi zala doğru irəliləməyə çalışıb. Atəş səslərindən sonra zalda olan qonaqlar masaların altına sığınıb, Məxfi Xidmətin silahlı qrupları isə dərhal səhnə və keçidlərdə nəzarəti ələ alıblar. Tramp səhnədən uzaqlaşdırılıb, bir müddət hotel daxilində təhlükəsiz otaqda saxlanıldıqdan sonra Ağ Evə aparılıb.
Hadisə ilə bağlı ilkin məlumatlarda hücumçunun öldürüldüyü iddia edilsə də, bir sıra aparıcı xəbər agentliklərinin məlumatlarında onun sağ olaraq saxlanıldığı bildirilir. “Associated Press” iki hüquq-mühafizə rəsmisinə istinadən şübhəlinin Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allen olduğunu yazıb. O, odlu silahla polis əməkdaşına hücum etmək də daxil olmaqla bir neçə ittihamla üzləşə bilər.
“Reuters” yazır ki, Vaşinqton polisinin müvəqqəti rəisi Ceffri Keroll şübhəlinin üzərində tüfəng, tapança və bir neçə bıçaq olduğunu bildirib. Onun motivi hələlik açıqlanmayıb. İlkin məlumata görə, şübhəli hotel qonağı olub və hüquq-mühafizə orqanları onun silahı təhlükəsizlik tədbirlərinin olduğu əraziyə necə keçirdiyini araşdırır.
Hadisə zamanı bir Məxfi Xidmət əməkdaşının gülləkeçirməz jiletindən vurulduğu, lakin vəziyyətinin yaxşı olduğu bildirilib. Tramp daha sonra Ağ Evdə jurnalistlərə açıqlama verərək hüquq-mühafizə orqanlarının çevik fəaliyyətini yüksək qiymətləndirib və insidentin “təkbaşına hərəkət edən şəxs” tərəfindən törədilmiş ola biləcəyini deyib.

Tədbir əvvəlcə davam etdirilməyə çalışılsa da, təhlükəsizlik səbəbindən ləğv edilib. “Associated Press”-in məlumatına görə, təşkilatçılar ziyafətin daha sonra yenidən keçirilməsini planlaşdırır. Hadisə Trampın prezident kimi ilk dəfə Ağ Ev Müxbirləri Assosiasiyasının ziyafətində iştirak etdiyi axşam baş verib və yüksək səviyyəli tədbirlərdə təhlükəsizlik tədbirləri ilə bağlı yeni suallar yaradıb.