ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində fəaliyyət göstərəcək “AI Force” adlı yeni strukturun yaradıldığını elan edib. Ağ Ev rəhbəri bu sahəyə nəzarəti həyata keçirmək üçün yaxın vaxtlarda xüsusi rəhbər də təyin edəcəyini açıqlayıb.
MSNews.az xəbər verir ki, Tramp bu barədə sentyabrın 19-da özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ Prezidenti yeni strukturun yaradılmasını süni intellekt texnologiyalarının inkişafının dəstəklənməsi və bu sahədə dövlət nəzarətinin təmin edilməsi ilə əlaqələndirib.
Tramp bildirib ki, süni intellekt sənayesinin inkişafına maneələr yaradılmamalı, eyni zamanda texnologiyadan mümkün sui-istifadə hallarının qarşısını almaq üçün mövcud hüquqi mexanizmlərdən istifadə edilməlidir.
Prezident süni intellekt sahəsində dövlət siyasətinin əlaqələndirilməsi üçün xüsusi rəhbər təyin edəcəyini də açıqlayıb. Lakin yeni strukturun təşkilati quruluşu, səlahiyyətləri və rəhbər vəzifəsinə kimin gətiriləcəyi barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, “AI Force” təşəbbüsünün elan edilməsi ayrıca hərbi qoşun növünün yaradılması demək deyil. Açıqlanan məlumatlara əsasən, təşəbbüs süni intellekt sahəsində dövlət siyasəti və nəzarət mexanizmləri ilə bağlıdır.
Tramp daha əvvəl də ABŞ-nin süni intellekt sahəsində qlobal liderliyini qorumasının vacibliyini vurğulayaraq texnologiyanın inkişafını ləngidə biləcək sərt tənzimləmələrə qarşı çıxıb.