Almaniyada Sara Vaqenknextin yaratdığı BSW partiyası Saksoniya-Anhalt əyalətində keçiriləcək seçkilər öncəsi Şərqi Almaniya kimliyini kampaniyasının əsas mövzularından birinə çevirib.
MSNews.az xəbər verir ki, partiyanın rəsmi saytında yayımlanan məlumata görə, seçki kampaniyasının iki əsas şüarı “Gefährlich ehrlich” – “Təhlükəli dərəcədə dürüst” və “Der Osten bleibt anders” – “Şərq fərqli olaraq qalır” ifadələridir. BSW sonuncu şüarı Şərqi Almaniyada yaşayan insanların özünəməxsus siyasi və sosial təcrübəsinin vurğulanması kimi təqdim edir.
“Berliner Zeitung” yazır ki, kampaniyada sosial bərabərsizlik, enerji qiymətləri, Ukraynaya silah tədarükü və Şərqi Almaniyanın Qərblə müqayisədə iqtisadi vəziyyəti kimi mövzular ön plana çıxarılıb. Bəzi seçki plakatlarında süni intellektlə hazırlanmış provokativ təsvirlərdən də istifadə olunur.
Bəzi sosial media paylaşımlarında qeyd olunan “SOYĞUNU DAYANDIRIN!” (“Stoppt den Raub!”) şüarı isə BSW-nin hazırkı rəsmi kampaniyasına aid deyil. Bu şüar daha əvvəl “Freie Sachsen” siyasi hərəkatının vergi siyasəti ilə bağlı kampaniyasında istifadə olunub. “Şərq fərqli olaraq qalır” isə BSW-nin 2026-cı il Saksoniya-Anhalt kampaniyasının rəsmi şüarıdır.