Tramp İrana yeni zərbə ehtimalını istisna etmədi, HƏMAS-a silahsızlanma xəbərdarlığı etdi

ABŞ Prezidenti Donald Tramp Netanyahu ilə görüşdən sonra İranın silah proqramlarını bərpa edəcəyi halda yeni zərbənin mümkünlüyünü açıqladı və HƏMAS-ı silahı yerə qoymağa çağırdı.

43

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi görüşdən sonra İranın ballistik raket və ya nüvə silahı proqramlarını yenidən bərpa etməyə cəhd göstərəcəyi təqdirdə ABŞ-ın yeni genişmiqyaslı zərbəni dəstəkləyə biləcəyini bildirib. Tramp eyni zamanda Fələstin silahlı qruplaşması HƏMAS-ı silahı yerə qoymadığı halda ağır nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.

Jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Tehran iyun ayında ABŞ-ın həyata keçirdiyi genişmiqyaslı hava zərbəsindən sonra silah proqramlarını bərpa etməyə çalışa bilər.

“Oxuyuram ki, onlar yenidən silahlar və digər hərbi vasitələr üzərində işləyirlər. Əgər belədirsə, bu, bizim məhv etdiyimiz obyektlərdə deyil, başqa yerlərdə baş verir”, – deyə Tramp qeyd edib.

“Biz onların hara getdiyini, nə etdiyini dəqiq bilirik. Ümid edirəm ki, bunu etmirlər, çünki B-2 bombardmançısına yanacaq sərf etmək istəmirik. Bu, gediş-gəlişlə birlikdə 37 saatlıq uçuşdur”, – deyə o əlavə edib.

Son aylarda İranla mümkün nüvə sazişi ideyasını gündəmə gətirən Tramp bildirib ki, Netanyahu ilə danışıqlarda Qəzza üzrə kövrək atəşkəs razılaşmasının irəlilədilməsi, eləcə də, İsrailin İran və Livandakı “Hizbullah”la bağlı narahatlıqları müzakirə olunub.

İsraillə iyun ayında 12 gün davam edən müharibədən sonra İran ötən həftə bu ay ərzində ikinci dəfə raket təlimləri keçirdiyini açıqlayıb. Netanyahu isə İsrailin İranla qarşıdurma istəmədiyini, lakin yayılan məlumatlardan xəbərdar olduqlarını və bu mövzunu Trampla müzakirə edəcəyini bildirib.

Tramp oktyabr ayında İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının ikinci mərhələsinə keçmək istədiyini bildirib. Bu mərhələ Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur.

Hazırda tərəflər bir-birini razılaşmanın əsas şərtlərini pozmaqda ittiham edir. HƏMAS silahsızlanmaqdan imtina edir və İsrail qoşunları Qəzza ərazisinin təxminən yarısında mövqelərini qoruyur.

İsrail tərəfi bildirib ki, əgər HƏMAS dinc yolla silahı yerə qoymasa, hərbi əməliyyatlar yenidən başlayacaq.

“Əgər HƏMAS silahı yerə qoymasa, bunun ağır nəticələri olacaq. Əsl cəhənnəm başlayacaq”, – deyə Tramp xəbərdarlıq edib.

Netanyahu bildirib ki, ABŞ Qəzzada keçid dövrü idarəçiliyinin formalaşdırılması üçün təzyiqləri artırır. Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi isə 17 noyabr tarixli BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib.

Tramp görüşdən əvvəl Qəzzada Türkiyə sülhməramlılarının yerləşdirilməsi ehtimalının da müzakirə olunacağını bildirib. Bu məsələ İsrail-Türkiyə münasibətlərinin gərgin fonunda xüsusilə həssas sayılır.

Atəşkəsə baxmayaraq, Qəzzada zorakılıq tam dayanmayıb. Oktyabrdan bəri İsrail zərbələri nəticəsində 400-dən çox fələstinli, əsasən mülki şəxslər həlak olub. Fələstin silahlı qruplarının hücumları nəticəsində isə üç israilli əsgər öldürülüb.

Netanyahu İsrailin Suriya ilə sərhəddə sabitlik istədiyini vurğulayıb. Tramp isə İsrailin Suriyada hakimiyyətə gələn yeni prezident Əhməd əl-Şaraa ilə münasibət qura biləcəyinə əmin olduğunu bildirib. Bununla belə, İsrail Şaraa ilə bağlı ehtiyatlı mövqeyini saxlayır və iyul ayında Dəməşqdə hökumət binalarına zərbələr endirib.