ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqlar fonunda Tehranın danışıqlarda çevik və hiyləgər davrandığını, lakin əsas üstünlüyün Vaşinqtonda olduğunu bildirib.
“MarketScreener”in “Reuters”ə istinadən yaydığı məlumata görə, Tramp bu fikirləri “Fox News” kanalında yayımlanan müsahibə fraqmentində səsləndirib. ABŞ prezidenti İran tərəfini “çox yaxşı danışıqlar aparan” və “hiyləgər” adlandırıb, lakin Vaşinqtonun hərbi üstünlük qazandığını vurğulayıb.
Trampın sözlərinə görə, ABŞ danışıqlarda “bütün kartlara” sahibdir, çünki onun iddiasına əsasən, İran hərbi baxımdan məğlub edilib. O, İranın dəniz və hava qüvvələrinin ciddi zərər gördüyünü də bildirib.
“Reuters” yazır ki, Tramp bundan əvvəl Ağ Evdə keçirilən kabinet iclasında da İranla mümkün razılaşmadan hələ razı qalmadığını demişdi. ABŞ prezidenti Tehranın razılaşma əldə etmək istədiyini bildirsə də, mövcud təkliflərin Vaşinqtonu qane etmədiyini vurğulamışdı.
“Euronews”un məlumatına görə, Tramp İranın razılaşmaya gəlməyəcəyi halda ABŞ-ın “işi başa çatdırmalı olacağını” deyib. O, həmçinin Hörmüz boğazının heç bir ölkənin nəzarətində olmamalı olduğunu və beynəlxalq sular kimi açıq qalmasının vacibliyini bildirib.
“The Guardian” isə Trampın İranı danışıqları uzatmaqda ittiham etdiyini yazıb. ABŞ prezidenti hesab edir ki, Tehran Vaşinqtona daha sərfəli olmayan şərtlər əldə etmək üçün prosesi ləngidir.
Vaşinqton və Tehran arasında danışıqların əsas mövzuları arasında İranın nüvə proqramı, yüksək zənginləşdirilmiş uran ehtiyatları, sanksiyalar, Hörmüz boğazında naviqasiya təhlükəsizliyi və regiondakı hərbi gərginliyin azaldılması dayanır.
Hazırda tərəflər arasında yekun razılaşma elan edilməyib. ABŞ administrasiyası danışıqların davam etdiyini bildirsə də, Trampın son açıqlamaları Vaşinqtonun Tehran üzərində hərbi və iqtisadi təzyiqi saxlamaq niyyətində olduğunu göstərir.