İran Prezidenti Məsud Pezeşkian Tehranla Vaşinqton arasında müharibənin dayandırılmasına dair razılaşmanın ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən əvvəl əldə olunmasını istədiyini açıqlayıb. O, İranın iyunda ABŞ ilə imzalanmış memoranduma qayıtmağa hazır olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Pezeşkian bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində “NBC News” və digər media qurumlarının nümayəndələri ilə söhbətində danışıb.
“Biz məsələnin aralıq seçkilərədək uzanmasını istəmirik. Amerikalıların həmin vaxta qədər memoranduma qayıtmasını istəyirik”, – Pezeşkian bildirib.
Söhbət ABŞ və İran arasında iyunda imzalanmış İslamabad Anlaşma Memorandumundan gedir. “Reuters”in məlumatına görə, sənəd hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazında kommersiya gəmiçiliyinin bərpasını, ABŞ blokadasının yumşaldılmasını və yekun sülh razılaşması üzrə danışıqların aparılmasını nəzərdə tuturdu. Sonrakı aylarda qarşılıqlı ittihamlar fonunda razılaşmanın icrası pozulub.
Pezeşkian eyni zamanda İranın nüvə obyektlərində beynəlxalq yoxlamaların keçirilməsinə açıq olduğunu deyib. O, Tehran hakimiyyətinin ABŞ Prezidenti Donald Trampa və ya onun ailə üzvlərinə qarşı sui-qəsd planlaşdırdığı barədə iddiaları da rədd edib.
Vaşinqton isə hələlik razılaşmanın yaxın olduğuna dair açıqlama verməyib. Tramp BMT-dəki çıxışında İranla mümkün razılaşmanın noyabr seçkilərindən sonra əldə ediləcəyini düşündüyünü bildirmişdi. ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun nəticə verə biləcək danışıqlara açıq olduğunu, əsas tələbin İranın nüvə silahı əldə etməməsi olduğunu açıqlayıb.
Tehran bundan əvvəl də ABŞ hərbi təzyiqi azaltacağı və İran limanlarına tətbiq edilən blokadanı yumşaldacağı təqdirdə Hörmüz boğazının tam açılması ilə bağlı danışıqlara hazır olduğunu bildirmişdi. Tərəflər arasında mümkün yeni razılaşmanın konkret şərtləri isə hələ müəyyən edilməyib.