ABŞ Kuba rəhbərliyinə təzyiq üçün gizli qrup yaradıb

ABŞ-ın Kuba siyasi elitasında parçalanma yaratmaq və Havana üzərində təzyiqi artırmaq məqsədilə xüsusi işçi qrupu formalaşdırdığı bildirilir. Kuba hökuməti təşəbbüsü Vaşinqtonun sabitliyi pozmaq siyasəti adlandırıb.

56

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kuba hökumətinə təzyiqi gücləndirmək və ölkənin siyasi elitasında fikir ayrılıqları yaratmaq məqsədilə məxfi işçi qrupu formalaşdırdığı bildirilir.

MSNews.az xəbər verir ki, “The New York Times” məsələ ilə tanış mənbələrə istinadən yeni strukturun MKİ-yə Kuba istiqamətinə maliyyə, insan və texniki resursları daha sürətli yönəltməyə imkan verəcəyini yazıb. Qrupa agentlərlə işləyən əməliyyat əməkdaşları, kəşfiyyat analitikləri, kibermütəxəssislər və gizli təsir əməliyyatları üzrə əməkdaşların cəlb olunduğu bildirilir.

Məlumatı “Saudi Gazette” da yayıb.

Mənbələrə görə, qrupun əsas hədəflərindən biri Kuba rəhbərliyində ABŞ-a qarşı sərt mövqe tutan şəxslərlə daha praqmatik hesab edilən rəsmilər arasında parçalanmanı dərinləşdirməkdir. Bununla belə, hazırkı proqramın 1961-ci ildəki Donuzlar Körfəzi əməliyyatında olduğu kimi silahlı Kuba qüvvələrinin hazırlanmasını nəzərdə tutmadığı bildirilir. MKİ yeni təşəbbüs barədə ictimai açıqlama verməyib.

“El País” Vaşinqtonun son aylarda Kuba istiqamətində kəşfiyyat fəaliyyətini gücləndirdiyini və ölkənin ABŞ kəşfiyyat prioritetlərində daha yüksək səviyyəyə qaldırıldığını yazıb. Məlumata görə, texniki müşahidə və kəşfiyyat imkanlarının bir hissəsi də adaya yönəldilib.

Bu proses MKİ direktoru Con Ratkliffin may ayında Havanaya nadir səfərindən sonra sürətlənib. “Reuters”“Associated Press” Ratkliffin Kuba rəsmiləri ilə görüşərək Vaşinqtonun iqtisadi və təhlükəsizlik məsələlərində dialoqa hazır olduğunu, lakin bunun üçün fundamental dəyişikliklər gözlədiyini bildirdiyini yazıb.

Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio isə yeni məlumatları MKİ-nin ölkəsinə qarşı uzunmüddətli casusluq, təxribat və sabitliyi pozmaq fəaliyyətinin davamı kimi qiymətləndirib. Havana ABŞ-ın Kubanın daxili siyasi sistemini dəyişdirməyə yönəlmiş təzyiqlərini rədd edir.