ABŞ prezidenti Donald Tramp DÇ-2026-da Paraqvayla oyun öncəsi milli komandaya dəstək mesajı göndərib.
MSNews.az xəbər verir ki, “The National Desk”in məlumatına görə, Tramp ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino ilə telefon danışığı aparıb. Zəng komandanın Paraqvayla DÇ-2026-dakı ilk oyunu ərəfəsində baş tutub.
Videoda Tramp Poçettinonu “fantastik insan və fantastik məşqçi” adlandırıb. O, ABŞ millisinin futbolçularını yüksək qiymətləndirərək komandanın turnirdə uzağa getmək şansının olduğunu bildirib.
ABŞ prezidenti danışıq zamanı Poçettinoya və komandaya uğurlar arzulayıb. Poçettino isə Trampa dəstəyə görə təşəkkür edib və komandanın ABŞ xalqını qürurlandırmaq üçün əlindən gələni edəcəyini deyib.
“Fox News/OutKick” yazır ki, telefon danışığı zamanı Poçettinonun yanında ABŞ millisinin kapitanı Tim Ream də olub. Görüntülər sosial şəbəkələrdə geniş müzakirə doğurub.
Trampın zəngi ABŞ millisi üçün uğurlu oyunla davam edib. “Reuters”in məlumatına görə, ABŞ Paraqvayı 4:1 hesabı ilə məğlub edərək DÇ-2026-ya inamlı start verib.
Matçda Folarin Baloqun dubl edib, Gio Reyna isə son dəqiqələrdə qələbəni rəsmiləşdirən qolu vurub. Bu nəticə ABŞ millisinin dünya çempionatları tarixində ən məhsuldar oyunlarından biri kimi qiymətləndirilir.
ABŞ yığması növbəti oyununu Avstraliyaya qarşı keçirəcək. Paraqvay isə qrupdakı vəziyyətini düzəltmək üçün Türkiyə ilə qarşılaşacaq.