ABŞ və İran arasında hərbi gərginlik yeni qarşılıqlı zərbə təhdidləri fonunda daha da artır.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində İran razılaşma imzalamaqdan imtina edəcəyi təqdirdə elektrik stansiyaları və körpülər də daxil olmaqla ölkənin infrastruktur obyektlərinə yeni zərbələr endirilə biləcəyini bildirib. Tramp Tehranın danışıqları uzatdığını deyərək İranın “bunun bədəlini ödəyəcəyini” vurğulayıb.
“The Times of Israel” də Trampın “mən davam edə bilərəm” ifadəsini işlədərək İranın enerji və nəqliyyat infrastrukturuna zərbələri istisna etmədiyini yazıb. Bununla belə, mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquq baxımından ciddi mübahisə doğura biləcək addım kimi qiymətləndirilir.
ABŞ Mərkəzi Komandanlığı — “CENTCOM” isə İrandakı son zərbələrin tamamlandığını açıqlayıb. Komandanlığın məlumatına görə, hücumlar İranın hərbi müşahidə imkanları, rabitə sistemləri və hava hücumundan müdafiə obyektlərinə qarşı həyata keçirilib. ABŞ tərəfi bu zərbələri “İranın davam edən təcavüzünə cavab” kimi təqdim edir.
İran tərəfi də cavab tədbirləri barədə bəyanat yayıb. “Anadolu Agentliyi”nin məlumatına görə, SEPAH ABŞ qırıcılarının yerləşdiyi İordaniyadakı Əzraq aviabazasını və hərbi obyektləri 12 ballistik raketlə hədəfə aldığını bildirib. İran tərəfi F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi mövqelərə, eləcə də komanda-idarəetmə mərkəzinə zərbə endirdiyini iddia edir.
SEPAH bəyanatında hücumun ABŞ-ın İran ərazisindəki obyektlərə endirdiyi zərbələrə cavab olduğunu qeyd edib. Lakin qırıcıların məhv edilməsi və bazaya dəyən zərərin miqyası barədə İranın iddiaları hələlik ABŞ və müstəqil beynəlxalq mənbələr tərəfindən təsdiqlənməyib.
“The Guardian” daha əvvəl yazmışdı ki, İran Küveyt və Bəhreyn istiqamətində də ballistik raketlər və pilotsuz uçuş aparatları buraxıb. “CENTCOM” həmin hücumların böyük hissəsinin zərərsizləşdirildiyini, ABŞ hərbçiləri arasında itki olmadığını bildirib. İranın Bəhreyndəki İsa aviabazası yaxınlığında yanğınla bağlı iddiaları isə hələlik rəsmi şəkildə təsdiqini tapmayıb.
Hazırda tərəflər həm hərbi, həm də diplomatik təzyiqi artırır. ABŞ İranı razılaşma imzalamağa çağırır, Tehran isə hücumların davam edəcəyi halda regiondakı Amerika obyektlərinə qarşı yeni cavab zərbələri endirəcəyini bildirir.