“The Athletic”in jurnalisti Tim Spirs “Tottenham”ın mövsümün sonunda Mixaylo Mudrikin 75 milyon funt sterlinqlik satınalma opsiyasını aktivləşdirəcəyi halda jurnalistikadan gedərək qaynaqçı olacağını bildirib.
MSNews.az xəbər verir ki, jurnalist ukraynalı futbolçunun transferini Premyer Liqanın 2026-cı il yay transferləri arasında ən uğursuz sövdələşmələrdən biri kimi qiymətləndirib.
“The Athletic” tərəfindən hazırlanan 154 transferlik reytinqdə Mudrikin “Çelsi”dən “Tottenhem”ə keçidi 152-ci pillədə qərarlaşıb. Ondan daha aşağı yalnız iki transfer qiymətləndirilib.
Spirs mövqeyini qeyri-adi qaynaqçı analogiyası ilə izah edib. Jurnalist Mudrikin 2024-cü ilin noyabrından bəri uzun müddət peşəkar futbol oynamamasını, uzun fasilədən sonra dünyanın ən zəngin və iddialı klublarından birinin ona şans verməsi ilə müqayisə edib. Onun fikrincə, futbolçunun özü bu fürsətdən məmnun ola bilər, lakin “Tottenhem” azarkeşlərinin transferə şübhə ilə yanaşması başadüşüləndir.
Jurnalist Mudrikin London klubunda böyük uğur qazanacağına inanmadığını açıq şəkildə bildirib və əlavə edib: “Əgər onlar 75 milyon funtluq opsiyanı aktivləşdirsələr, jurnalistikadan gedib qaynaqçı olacağam”.
“Tottenhem” sentyabrın 1-də Mudrikin “Çelsi”dən 2026/27 mövsümünün sonunadək icarəyə götürüldüyünü rəsmi şəkildə açıqlayıb. Klubun rəsmi saytında futbolçunun baş məşqçi Roberto De Zerbi ilə yenidən çalışacağı qeyd olunub. Mudrik daha əvvəl Donetsk “Şaxtyor”unda italiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.
“The Guardian” müqavilədə 75 milyon funt sterlinqlik satınalma opsiyasının olduğunu yazıb. İspaniyanın “AS” nəşri isə bu məbləği təxminən 88 milyon avro kimi göstərib.
Mudrik “Çelsi”də son rəsmi oyununu 2024-cü ilin noyabrında keçirmişdi. Dopinq işi ilə əlaqədar uzun fasilədən sonra onun cəzası apellyasiya prosesinin nəticəsində başa çatıb və futbolçu yenidən meydana qayıtmaq imkanı əldə edib.